AnalitikaGündəmSiyasət

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ

1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş “Azadlığa Dəstək Aktı”na əlavə edilmiş 907-ci düzəliş Azərbaycan tarixinə ədalətsiz və birtərəfli bir qərar kimi daxil oldu. Bu düzəlişin mahiyyəti ondan ibarət idi ki, ABŞ hökuməti Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi.

Səbəb kimi isə guya Azərbaycanın Ermənistanı blokadaya alması göstərilirdi. Halbuki o dövrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı və bir milyondan çox qaçqın və məcburi köçkün probleminin yaranması reallıq idi. Yəni 907-ci düzəliş faktiki olaraq işğalçıya dəstək göstərir, zərərçəkən tərəfi isə cəzalandırırdı.

Uzun illər ərzində bu qərar Azərbaycan–ABŞ münasibətlərində süni maneəyə çevrilmişdi. Doğrudur, 2001-ci ildən etibarən ABŞ prezidentlərinə bu düzəlişin icrasını illik əsasda dayandırmaq səlahiyyəti verilmişdi. Lakin bu, müvəqqəti xarakter daşıyırdı və istənilən vaxt yenidən sərtləşdirilə bilərdi.

Ona görə də Azərbaycan tərəfi hər zaman bildirirdi ki, 907-ci düzəliş tamamilə ləğv olunmalı, yaxud ən azından tətbiqi dayandırılmalıdır.

2025-ci ildə ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin icrasını dayandırması barədə verdiyi qərar məhz bu baxımdan tarixi addım hesab olunur. Çünki bu qərar ilk növbədə illərdir davam edən bir ədalətsizliyə son qoydu.

ABŞ kimi qlobal gücün belə bir addımı Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi, onun regionda sülh və sabitlik naminə apardığı siyasətin dəstəkləndiyini göstərdi.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən bu qərarı xüsusi vurğuladı və onun strateji əhəmiyyət daşıdığını qeyd etdi. Dövlət başçısı bildirdi ki, ABŞ Konqresi 907-ci düzəlişi tamamilə aradan qaldırarsa, bu, ikitərəfli etimadı daha da möhkəmləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Bu qərarın əhəmiyyəti yalnız siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində özünü göstərəcək. ABŞ yardımlarının Azərbaycana açılması, investisiya və texnologiya sahəsində yeni əməkdaşlıqların inkişafı, həmçinin təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığın dərinləşməsi real perspektivlərdir. Bununla yanaşı, bu addım Cənubi Qafqazda balanslı siyasət üçün mühüm siqnal oldu. ABŞ göstərdi ki, regionda birtərəfli yanaşmalar dövrü bitməlidir.

Azərbaycan artıq 44 günlük Vətən müharibəsində öz gücü ilə haqq işini bərpa edib, torpaqlarını işğaldan azad edib. Belə bir şəraitdə hələ də 907-ci düzəlişin qüvvədə qalması nə siyasi, nə hüquqi, nə də mənəvi baxımdan əsaslı deyildi.

Trampın qərarı bu məntiqsiz yanaşmanı aradan qaldırdı və tarixin gedişinə uyğun addım oldu.

Nəticə etibarilə, Prezident Trampın 907-ci düzəlişin icrasını dayandırması sadəcə texniki qərar deyil, həm də simvolik məna daşıyan, Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqeyini təsdiqləyən mühüm bir hadisədir.

Bu qərar Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələsinə yol açır və gələcəkdə tam hüquqlu əməkdaşlığın bünövrəsini möhkəmləndirir.

Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button