
2025-ci il 25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında mühüm çıxış etdi. Hər il dünya liderlərinin toplaşdığı bu platforma beynəlxalq münasibətlərin gündəliyini müəyyən edən ən nüfuzlu tribunadır. Prezident İlham Əliyevin bu çıxışı həm Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətə təqdim etməsi, həm də qlobal proseslərə dair öz baxışlarını bölüşməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycanın müstəqil xarici siyasəti, enerji və nəqliyyat layihələri, iqlim dəyişmələri ilə mübarizə təşəbbüsləri, regional sabitliyin təmininə verdiyi töhfə ölkə başçımızın nitqində əsas istiqamətlər kimi önə çəkildi.
Çıxışın mərkəzində Azərbaycanın enerji siyasəti dayanırdı. Prezident qeyd etdi ki, Azərbaycan təkcə neft və qaz ixrac edən ölkə deyil, həm də Avrasiyanın enerji təhlükəsizliyində mühüm həlqədir. Xüsusilə Cənub Qaz Dəhlizi və digər beynəlxalq layihələr vasitəsilə Azərbaycan həm Avropa, həm də qonşu regionların enerji təchizatında etibarlı tərəfdaş kimi çıxış edir.
Bununla yanaşı, Cənab Prezident vurğuladı ki, Azərbaycan enerji ehtiyatlarını yalnız iqtisadi maraq üçün deyil, eyni zamanda regional sabitlik və beynəlxalq əməkdaşlıq naminə istifadə edir. Məsələn, Suriyanın enerji sisteminin bərpasına Türkiyə ilə birlikdə verdiyi dəstək, Azərbaycanın regional həmrəyliyə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin ekoloji tarazlığının qorunması məsələsinə də toxundu. Bu, həm regional, həm də qlobal əhəmiyyət kəsb edən bir mövzudur. Xəzərin su səviyyəsinin dəyişməsi, iqlim böhranının təsirləri yalnız Azərbaycana deyil, bütün region ölkələrinə təsir edir. Azərbaycan COP29-un ev sahibi ölkə kimi ekoloji məsələlərdə daha aktiv mövqe tutduğunu bir daha nümayiş etdirdi.
Prezidentin nitqində sülh və təhlükəsizlik məsələləri ayrıca yer aldı. O, Azərbaycanın beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqliyini vurğuladı. İlham Əliyev Azərbaycanın son onilliklərdə keçdiyi yol – müharibədən qalibiyyətə, oradan isə sülh təşəbbüslərinə qədərki mərhələləri dünya ictimaiyyətinə təqdim etdi. Bu, həm Azərbaycanın siyasi iradəsinin, həm də beynəlxalq hüququn qorunmasında nümunəvi mövqeyinin ifadəsi idi.
Nitqdə diqqət çəkən məqamlardan biri də Azərbaycanın makroiqtisadi göstəriciləri idi. Prezident vurğuladı ki, ölkənin valyuta ehtiyatları xarici borcdan dəfələrlə çoxdur. Bu fakt, Azərbaycanın iqtisadi müstəqilliyinin, sabit inkişafının və maliyyə təhlükəsizliyinin açıq göstəricisi kimi təqdim edildi. İqtisadi güc isə Azərbaycanın beynəlxalq arenada daha fəal, müstəqil və balanslı siyasət aparmasına imkan verir.
Prezident İlham Əliyevin çıxışı yalnız regional problemlərlə məhdudlaşmadı. O, beynəlxalq əməkdaşlığın, çoxtərəfli diplomatiyanın və BMT-nin qlobal məsələlərin həllində əvəzolunmaz rolunun altını cızdı. Azərbaycan özünü nəinki regional lider, həm də qlobal problemlərə münasibətdə məsuliyyətli aktor kimi təqdim etdi. Enerji təhlükəsizliyi, iqlim dəyişmələri, münaqişələrin sülh yolu ilə həlli – bütün bu istiqamətlərdə İlham Əliyevin çıxışı Azərbaycanın dünyaya verdiyi strateji mesajları əks etdirirdi.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış Azərbaycanın beynəlxalq siyasətində yeni mərhələnin göstəricisi oldu. Bu nitq, Azərbaycanın: etibarlı enerji tərəfdaşı, ekoloji təşəbbüslərin fəal iştirakçısı, regional sülh və sabitlik tərəfdarı, maliyyə və iqtisadi cəhətdən dayanıqlı dövlət olduğunu dünyaya bir daha nümayiş etdirdi.
Beləliklə, Azərbaycan artıq təkcə regionun deyil, beynəlxalq sistemin də mühüm iştirakçısıdır. Prezident İlham Əliyevin Nyu-Yorkdakı çıxışı isə ölkəmizin həm milli maraqlarını qoruyan, həm də qlobal dəyərlərə sadiq olan balanslı siyasətini təsdiqlədi.
İlham Quliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi