AnalitikaGündəmSiyasət

Vətən Müharibəsi Bizim Şanlı Tariximiz, Şəhidlər və Qazilər Qürur Mənbəyimizdir

Azərbaycan xalqı əsrlər boyu öz müstəqilliyi, torpaqlarının bütövlüyü və milli dəyərləri uğrunda mübarizə aparmışdır. Lakin bu mübarizələrin içərisində ən parlaq və şanlı səhifələrdən biri 2020-ci ilin 44 günlük Vətən müharibəsidir. Bu müharibə yalnız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi, eyni zamanda xalqımızın iradəsini, birliyini, qəhrəmanlığını və şəhidlik zirvəsinə ucalan övladlarının fədakarlığını bütün dünyaya göstərdi.Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlandı. 30 ilə yaxın müddətdə davam edən sülh danışıqları nəticə vermədiyi üçün Azərbaycan xalqı haqq savaşına qalxdı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa başda olmaqla işğal altındakı bir çox rayon və şəhərləri azad etdi. 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu zəfər təkcə hərbi qələbə deyildi, həm də ədalətin və beynəlxalq hüququn bərpası idi.Bu zəfərin əldə olunmasında minlərlə igid Azərbaycan əsgəri və zabiti canından keçdi. Onlar millətə olan borclarını canları bahasına ödədilər və şəhidlik zirvəsinə ucaldılar. Şəhidlərimizin hər biri tariximizin qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan xalqı başı dik, alnı açıq yaşayır. Şəhidlərimiz və onların ailələri dövlətin və xalqın daim diqqət mərkəzindədir. Onların xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır.Vətən müharibəsində iştirak etmiş qazilərimiz də xalqımızın qürur mənbəyidir. Onlar sağlamlıqlarını, bədənlərinin bir parçasını bu torpaqlar uğrunda fəda etdilər. Qazilərimiz təkcə döyüş meydanında deyil, həm də müharibədən sonrakı dövrdə öz həyat mübarizələrində də qəhrəmanlıq nümunələri göstərirlər. Dövlətimiz onların sosial rifahının yaxşılaşdırılması, tibbi yardımla təmin olunması və məşğulluğu istiqamətində mühüm addımlar atır. Qazilərimizin hekayələri gənc nəslə vətənpərvərlik ruhunu aşılayır.Vətən müharibəsi zamanı xalqın nümayiş etdirdiyi milli birlik və həmrəylik də qələbənin mühüm amillərindən biri oldu. Ölkənin bütün bölgələrindən olan insanlar bir bayraq altında birləşdi. Hər kəs cəbhədəki əsgərə dəstək vermək, dövlətin yanında olmaq üçün əlindən gələni etdi. Bu milli birliyin formalaşması uzun illər boyu yürüdülən düzgün siyasətin və xalqın dövlətinə olan inamının nəticəsi idi.Vətən müharibəsi Azərbaycan tarixində qürurla xatırlanacaq bir səhifədir. Bu müharibə bizə göstərdi ki, yalnız birlik, vətənpərvərlik və qətiyyət sayəsində ən çətin hədəflərə çatmaq mümkündür. Şəhidlərimiz və qazilərimiz bu zəfərin memarlarıdır. Onların fədakarlığı və qəhrəmanlığı gələcək nəsillərə bir məktəbdir. Məktəblərdə, ali təhsil müəssisələrində bu qəhrəmanlıq salnaməsi geniş təbliğ olunmalıdır ki, gənclər vətən sevgisini daha dərindən dərk etsinlər.Vətən müharibəsi bizim şanlı tariximizin qızıl səhifəsidir. Şəhidlərimiz və qazilərimiz isə bu tarixdə silinməz iz qoymuş qəhrəmanlardır. Onların fədakarlığı qarşısında baş əyir, xatirələrini dərin ehtiramla yad edirik. Azərbaycan xalqı olaraq bu tarixi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur. Çünki bu zəfər təkcə keçmişin deyil, həm də gələcəyin möhkəm təməlidir.

Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button