GündəmAnalitikaSiyasət

Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni dövr başlayır

8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü, həmçinin imzalanan sənədlər bölgədə yeni mərhələnin açılışını simvolizə edir. Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra müharibələrin dayandırılmasına yönəlmiş siyasətini açıqlamışdı və bu görüş onun bu mövqeyinin təzahürüdür. Vaşinqton görüşü öncəsi sülhə dair nikbin gözləntilər özünü doğrultdu və bu görüşdə mühüm razılaşmalar əldə olundu. ABŞ liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi dialoqu dövlətimizin başçısının beynəlxalq nüfuzunun yüksəkliyini göstərir. Görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalanıb.

Həmçinin, Tramp tərəfindən 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam verilməsi diqqət çəkir. Bu düzəliş erməni lobbi təsiri ilə yaranmış və Azərbaycan-ABŞ münasibətlərində əngəl yaratmışdı. Vaşinqton görüşünün ən vacib nəticələrindən biri Cənubi Qafqazda sülh və əməkdaşlığın təməllərinin qoyulmasıdır. Xarici işlər nazirlərinin iştirakı ilə sülh sazişinin layihəsi paraflanıb və ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırılıb. Minsk Qrupunun ləğvi Azərbaycanın sülhə dair əsas tələblərindən biri idi.

İmzalanmış Birgə Bəyannamə nəqliyyat kommunikasiyalarının açılmasını da əhatə edir. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması, eləcə də Ermənistan ərazisində xüsusi layihənin həyata keçirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Vaşinqtonda verdiyi bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olmasının bölgə və dünya üçün böyük fürsət olduğunu vurğulayıb. Eyni zamanda, Ermənistanın konstitusiyasında ərazi iddiası məsələsinin aradan qaldırılmasının sülh sazişinin imzalanması üçün əsas şərt olduğunu qeyd edib. Dövlət başçısı hesab edir ki, Vaşinqton görüşü ilə bölgəyə dayanıqlı sülh gətirilib və bu, tarixi əhəmiyyət daşıyır.

Ülviyyə Mirzəliyeva,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button