
ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona yola düşən Prezident İlham Əliyevin səfəri, həm ikitərəfli əlaqələr, həm də regional geosiyasi nizam baxımından əlamətdar hadisə oldu. Vaşinqtonda imzalanan Birgə Bəyannamə, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların artıq beynəlxalq miqyasda qəbul edildiyini göstərdi. Ağ Evdə keçirilən üçtərəfli görüş və sülh sazişinin paraflanması, uzun illərdir gözlənilən sabitlik mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Razılaşma Azərbaycanın əsas tələblərinə cavab verir. Sülh prosesi çərçivəsində ATƏT-in Minsk qrupunun ləğv edilməsi və Naxçıvanla əsas ərazi arasında maneəsiz keçidin təmin olunması kimi şərtlər sənəddə təsdiqini tapdı. “Tramp Marşrutu” layihəsi vasitəsilə Zəngəzur dəhlizinin açılması, yalnız regional kommunikasiya imkanlarını genişləndirmir, həm də ölkəmizin beynəlxalq nəqliyyat şəbəkələrində rolunu gücləndirir.
Səfərin ikitərəfli münasibətlər hissəsi də strateji xarakter daşıyır. Azərbaycan və ABŞ prezidentləri Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumuna imza atdılar. Bu sənəd enerji, rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələrdə yeni əməkdaşlıq platformaları yaradacaq. Eyni zamanda, 907-ci düzəlişin ləğvi illərdir davam edən ədalətsizliyin aradan qaldırılmasının rəmzi oldu.
Prezident İlham Əliyevin Vaşinqtondakı çıxışları və diplomatik mövqeyi göstərdi ki, Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə sülhün və əməkdaşlığın formalaşmasında əsas söz sahibidir.
Günay Məlikova,
Yeni Azərbaycan Partiyasının fəalı