
2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhəri tarixi anlara şahidlik etdi. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü təkcə diplomatik gündəmli tədbir deyildi – bu, bir xalqın onilliklər boyu çəkdiyi əziyyətin, apardığı mübarizənin, sonda qazandığı zəfərin rəsmi elanına çevrildi. Zirvə görüşündə Cənab Prezident İlham Əliyevin çıxışı yalnız təşkilatın iştirakçılarına ünvanlanmış bəyanat deyil, həm də bütün dünyaya verilmiş açıq mesaj idi: Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, suverenliyini təmin edib və indi bu yeni reallıqlar əsasında bölgəyə sabitlik, əməkdaşlıq və inkişaf gətirməyə hazırdır. Xankəndi… Uzun illər boyu kədərin, işğalın, qeyri-müəyyənliyin adı olan bu şəhər artıq Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına inteqrasiya olunur. Məhz bu səbəbdən İƏT Zirvəsinin burada keçirilməsi təsadüfi deyildi. Bu, həm simvol idi, həm də siyasi bəyanat. Xankəndi artıq təkcə xəritə üzərində deyil, real həyatın içində Azərbaycan şəhəridir. Cənab Prezident İlham Əliyevin nitqi bu reallığın ən aydın ifadəsi oldu. O, təkcə siyasi lider kimi yox, həm də xalqının tarixi ağrısını qələbəyə çevirən rəhbər kimi danışırdı. Bu çıxışda qürur vardı, amma təkəbbür yox idi; çağırış vardı, amma təhdid yox idi. Cənab Prezident çıxışında açıq şəkildə göstərdi ki, Azərbaycan müharibəni arxada qoyub, indi sülh və əməkdaşlıq istəyir. Amma bu əməkdaşlıq birtərəfli güzəştlər üzərində yox, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri üzərində qurulmalıdır. İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinə ünvanlanan bu çağırış həm də bütün region üçün mühüm mesaj idi: Cənubi Qafqazda yeni səhifə açılıb. Bu səhifəni zorakılıq yox, dialoq; qarşıdurma yox, əməkdaşlıq yazmalıdır. İlham Əliyev Azərbaycanın regional layihələrdəki roluna toxunarkən, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi təşəbbüslərin əhəmiyyətini vurğuladı. Bu, Azərbaycanın təkcə enerji və nəqliyyat sahələrində deyil, həm də geosiyasi baxımdan mərkəzi aktora çevrildiyini nümayiş etdirdi. Cənab Prezidentin nitqində diqqətçəkən məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ilə bağlı idi. O, bildirdi ki, Azərbaycan təkcə müharibəni udmayıb – həm də dağıdılmış əraziləri qısa zamanda yenidən həyata qaytarıb. Məscidlər, məktəblər, yollar, elektrik stansiyaları… Bu sadə infrastrukturların adı çəkilsə də, onların arxasında bütöv bir xalqın iradəsi və dövlətin qüdrəti dayanırdı. Xankəndidə bu sözləri deyən Cənab Prezidentin səsində inam vardı – bu inam yalnız qalibin deyil, həm də yenidən quranın, inkişaf etdirənin inamı idi.
Orxan Abdullazadə
Yeni Azərbaycan Partiyası, məsləhətçi