AnalitikaGündəmSiyasət

Mingəçevirdə Enerji Zəfəri: Yeni Dövrün Başlanğıcıdır

2025-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində yerləşən və ölkənin enerji sektorunda mühüm əhəmiyyətə malik olan “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Bu mühüm hadisə təkcə texniki və iqtisadi baxımdan deyil, həm də rəmzi və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Stansiyanın “8 Noyabr” adlanması təsadüfi deyil. Bu ad Azərbaycan Ordusunun Vətən Müharibəsində şanlı qələbəsini simvolizə edən 8 Noyabr – Zəfər Günü ilə bağlıdır. Prezident İlham Əliyev çıxışında bu simvolik yanaşmanı vurğulayaraq bildirdi ki, Azərbaycanın hərbi və siyasi qələbələri eyni zamanda iqtisadi gücünün də əsasını təşkil edir.

Mərasimdə çıxışı zamanı İlham Əliyev stansiyanın texniki göstəriciləri və innovativ yanaşmalar barədə ətraflı məlumat verdi. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın ən müasir istilik elektrik stansiyalarından biridir. Burada istifadə olunan texnologiyalar enerjinin daha səmərəli şəkildə istehsalını və ətraf mühitə təsirin minimuma endirilməsini təmin edir. Stansiyanın ümumi gücü 1,280 meqavat təşkil edir və bu, Azərbaycanın enerji sisteminə böyük dəstək deməkdir. Layihənin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək, ixrac potensialını artıracaq və daxili tələbatın dayanıqlı şəkildə ödənilməsinə xidmət edəcək. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sektorunda həyata keçirdiyi uzunmüddətli və düşünülmüş siyasətin növbəti uğurlu mərhələsinə qədəm qoyduğunu vurğuladı. O bildirdi ki, enerji sektorunda əldə edilən nailiyyətlər ölkənin iqtisadi müstəqilliyinin təminatçısıdır. “8 Noyabr” Elektrik Stansiyası həm də regional enerji əməkdaşlığı baxımından əhəmiyyətli bir layihədir. Prezident Əliyev vurğuladı ki, Azərbaycan Avropaya və region ölkələrinə elektrik enerjisi ixracını genişləndirməyi hədəfləyir. Bu istiqamətdə aparılan layihələr ölkənin beynəlxalq mövqelərini gücləndirir və onu regionun əsas enerji mərkəzinə çevirir.

Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası təkcə texnoloji nailiyyət deyil, həm də Azərbaycanın dövlətçiliyinin, iqtisadi qüdrətinin və müstəqil inkişaf yolunun təcəssümüdür. Prezident İlham Əliyevin çıxışı bu mühüm layihənin arxasında dayanan milli strateji baxışın bariz nümunəsi oldu. Bu stansiyanın istifadəyə verilməsi ilə Azərbaycan enerji sektorunda yeni bir dövrə qədəm qoyur.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button