AnalitikaGündəmSiyasət

26 iyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilər üçün deyil, hər bir azərbaycanlı üçün qürurverici gündür

26 iyun Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik tarixi günlərdən biridir. Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunur və hər il böyük təntənə ilə qeyd edilir. 1918-ci ilin məhz bu tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti ilk milli ordu qurumunun yaradılması haqqında qərar qəbul etmişdir. Bu mühüm hadisə Azərbaycanın hərbi tarixində dönüş nöqtəsi olmuş və müasir ordu quruculuğunun əsasını təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra ölkənin suverenliyini qorumaq üçün güclü bir orduya ehtiyac duyulurdu. Bu səbəblə, 26 iyun 1918-ci ildə Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissələr – Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu Cümhuriyyətin varlığını qorumaq, daxili sabitliyi təmin etmək və ölkəni xarici təhdidlərdən müdafiə etmək məqsədi daşıyırdı. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrin yenidən formalaşdırılması prosesi başladı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə əsaslı islahatlar həyata keçirildi. Ordu quruculuğuna xüsusi önəm verildi, şəxsi heyətin peşəkarlığı artırıldı, texniki təchizat gücləndirildi və beynəlxalq hərbi əməkdaşlıq genişləndirildi. Azərbaycan Ordusu öz gücünü və peşəkarlığını 2020-ci il 44 günlük Vətən Müharibəsində bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqları azad edərək ölkənin ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə Azərbaycan Ordusunun gücünü, xalq-ordu birliyini və vətənə olan bağlılığı bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri sayılır. Orduda müasir hərbi texnika və silah sistemləri mövcuddur, şəxsi heyətin hazırlıq səviyyəsi daim yüksəldilir. Orduya gənc nəsillərin marağı artır, hərbi təhsil və təlimlər daha da təkmilləşdirilir. Bütün bunlar dövlətin ordu quruculuğuna verdiyi önəmin bariz nümunəsidir. 26 iyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilər üçün deyil, hər bir azərbaycanlı üçün qürurverici gündür. Bu gün biz ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin keşiyində duran qəhrəman əsgər və zabitlərimizi hörmət və minnətdarlıqla yad edirik. Qəhrəman Ordumuzun keçdiyi şərəfli yol gələcək nəsillər üçün örnəkdir və Azərbaycan dövlətinin gücünün əsas sütunlarından biridir.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button