
26 İyun tarixi Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyan, milli qürurumuzu, dövlətçiliyimizin möhkəm dayaqlarından biri olan Silahlı Qüvvələr Günüdür.
Bu əlamətdar gün, müstəqil dövlətimizin güc simvolu olan Azərbaycan Ordusunun yaranmasını, formalaşmasını və bugünkü qüdrətini təcəssüm etdirir.
Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin ifadə etdiyi kimi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz onun 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə Azərbaycan hərbi quruculuğunda yeni bir mərhələ başlandı. Heydər Əliyev SSRİ rəhbərliyi qarşısında böyük cəsarətlə məsələ qaldıraraq azərbaycanlı gənclərin hərbi məktəblərə qəbul olunmasını təmin etdi. Nəticədə minlərlə hərbi kadr yetişdirildi və bu gün güclü zabit heyəti ilə fərqlənən Silahlı Qüvvələrimizin əsasını məhz həmin dövrdə hazırlanan kadrlar təşkil etdi. 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkili milli dövlət quruculuğunun əsas istiqamətlərindən biri oldu.
Lakin ilk illərdə ölkəmiz siyasi böhran, iqtisadi çətinliklər və işğalçı müharibə ilə üz-üzə qaldı. Silahlı Qüvvələrimizin nizami orduya çevrilməsi üçün əsaslı addımlar yalnız 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra atıldı.
Ümummilli Liderin uzaqgörən siyasəti, dəmir iradəsi və xalqla ordunun vəhdətinə verdiyi xüsusi önəm sayəsində Azərbaycan Ordusu qısa müddətdə təşkilatlanaraq güclü hərbi qüvvəyə çevrildi.
Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasət onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, müasir silah-sursatla təchizat, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, döyüş hazırlığının yüksəldilməsi ordumuzun regionun ən güclü ordularından birinə çevrilməsini təmin etdi.
Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı düşmən işğalından azad etdi, ərazi bütövlüyümüzü bərpa etdi.
Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün keşiyində dayanmaqla kifayətlənmir, regionda sülhün və sabitliyin təmin olunmasına da öz töhfəsini verir.
Dövlətimizin orduya qayğısı, xalqla ordunun sıx birliyi və yüksək vətənpərvərlik ruhu Silahlı Qüvvələrimizin hər zaman güclü və məğrur qalmasını şərtləndirir. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını, qəhrəman əsgər və zabitlərimizi ürəkdən təbrik edir, onlara sarsılmaz iradə, güc və yeni qələbələr arzulayırıq. Azərbaycan Ordusu daim qüdrətli olacaq, dövlətimizin və xalqımızın təhlükəsizliyinin ən möhkəm təminatçısı kimi şərəfli missiyasını layiqincə yerinə yetirəcəkdir.
İsmayıl Nağızadə
Yeni Azərbaycan partiyası,məsləhətçi