
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin əsası ötən əsrin ortalarında, SSRİ dövründə qoyulmuşdur. 1950-60-cı illərdən başlayaraq, vyetnamlı tələbələr SSRİ-nin müxtəlif respublikalarında, o cümlədən Azərbaycanda təhsil almağa başlamışlar. Bakıdakı ali məktəblərdə təhsil almış vyetnamlı tələbələr burada təkcə peşəkar biliklər deyil, həm də Azərbaycan xalqının qonaqpərvərliyini, multikultural dəyərlərini yaxından tanımışlar. Bu qarşılıqlı əlaqələr yalnız elmi-təhsil səviyyəsində qalmamış, daha dərin dostluq münasibətlərinə çevrilmişdir. Azərbaycan xalqı da Vyetnamın müstəmləkəçiliyə və imperializmə qarşı apardığı uzunmüddətli mübarizəyə həmişə rəğbətlə yanaşmış, Vyetnamın azadlıq yolunda göstərdiyi qətiyyətli iradəni yüksək qiymətləndirmişdir. Bu dövrdə yaradılmış humanitar və ideoloji bağlar sonrakı illərdə dövlətlərarası münasibətlərə çevrilmişdir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin sentyabrında Azərbaycan ilə Vyetnam arasında rəsmi diplomatik münasibətlər qurulmuşdur. Bu tarixdən etibarən ikitərəfli əlaqələr sürətlə inkişaf etməyə başlamış, siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən bir çox əməkdaşlıq formatları formalaşdırılmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər, tərəflərin bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi münasibətlərin siyasi əsaslarının möhkəmliyini göstərir. Azərbaycan və Vyetnam iqtisadi baxımdan bir-birini tamamlayan ölkələrdir. Azərbaycanın zəngin enerji resursları və neft-qaz sənayesindəki təcrübəsi, Vyetnamın isə kənd təsərrüfatı, balıqçılıq, tekstil və sənaye məhsulları sahəsindəki potensialı iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır. Xüsusilə energetika sahəsində Azərbaycan Dövlət Neft Şirkəti və Vyetnamın “PetroVietnam” şirkəti arasında mümkün əməkdaşlıq müzakirə mövzusudur.
Ticarət dövriyyəsinin həcminin artırılması üçün birgə işçi qruplar yaradılıb, biznes forumları təşkil olunur. 2023-cü ildə Hanoyda keçirilmiş Azərbaycan-Vyetnam biznes forumunda tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, sərmayə qoyuluşları və infrastruktur layihələri barədə müzakirələr aparmışlar. Azərbaycan və Vyetnam arasında mədəni sahədə əməkdaşlıq da davamlı şəkildə inkişaf edir. Mədəniyyət günləri, sərgilər, kinofestivallar və incəsənət tədbirləri xalqlar arasında anlaşma və dostluğu daha da möhkəmləndirir. Hər iki ölkə UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, mədəni irsin qorunması və tanıdılması sahəsində birgə təşəbbüslər irəli sürürlər. Təhsil sahəsində də əməkdaşlıq davam edir. Bakıda bir sıra vyetnamlı tələbə təhsil almaqdadır. Qarşılıqlı tələbə mübadilələri və elmi konfranslar bu sahədə gələcək əməkdaşlığın əsasını təşkil edir.
Azərbaycan ilə Vyetnam arasındakı dostluq münasibətləri yalnız rəsmi və diplomatik səviyyədə deyil, həm də xalqların bir-birinə olan səmimi münasibəti və qarşılıqlı anlayış üzərində qurulmuşdur. Bu əlaqələr zamana və geosiyasi dəyişikliklərə tab gətirmiş, öz dinamikliyini qorumağı bacarmışdır. Gələcəkdə bu dostluğun yeni sahələrdə daha da inkişaf edəcəyi və hər iki xalqın rifahına töhfə verəcəyi şübhəsizdir.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi