
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 aprel 2025-ci il tarixində Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibəsində ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib. Cənab Prezident çıxışında vurğulayıb ki, Azərbaycan turizm sahəsinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının təşviqi və işgüzar əlaqələrin intensivləşdirilməsi məqsədilə Çin Xalq Respublikasının vətəndaşları üçün birtərəfli qaydada vizasız rejim tətbiq edib. Bu qərar iki ölkə arasında qarşılıqlı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.Dövlət başçısı qeyd edib ki,Azərbaycan son illərdə beynəlxalq əlaqələrini daha da dərinləşdirərək qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmaqdadır.
Bu addım, həmçinin Azərbaycanın qlobal iqtisadi məkana inteqrasiyası və Şərqlə Qərb arasında körpü rolunun gücləndirilməsi baxımından əhəmiyyətli bir təşəbbüsdür. Vizasız rejim çərçivəsində Çin vətəndaşları Azərbaycana daha asan və maneəsiz səfər edə biləcəklər ki, bu da turizm sektorunun inkişafına, mədəni əlaqələrin dərinləşməsinə və yeni əməkdaşlıq formatlarının yaranmasına töhfə verəcək. Prezident İlham Əliyevin bu qərarı Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirir.
Əsmayə İsmayılova,
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi