Yanvarın 28-də Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident çıxışında Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyin vacibliyini vurğulayıb.Son illərdə bu sahədə bir çox işlərin görüldüyünü, böyük infrastruktur layihələrinin icra edildiyini qeyd edib, Bakı şəhərində tıxacların hələ də müşahidə olunduğunu və onların sayının ildən-ilə artdığını bildirib. Bu vəziyyətin təbii səbəblərindən biri kimi ölkə əhalisinin, xüsusən də paytaxtın əhalisinin artması göstərilib. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb ki, bu da mövcud yol infrastrukturu və metro imkanlarının bu artımı qarşılamaqda çətinlik çəkməsinə səbəb olur. Cənab Prezident İlham Əliyev nəqliyyat məsələlərinin həmişə diqqət mərkəzində saxlanıldığını və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələrin icra edildiyini qeyd edib. Yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib və yeni yollar salınıb. Əgər bu işlər görülməsəydi, bu gün Bakı şəhərində nəqliyyatın iflic vəziyyətinə düşə biləcəyini vurğulayıb. Buna baxmayaraq, növbəti böyük bir proqramın qəbul olunmasının faydalı olacağını bildirib və bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanması üçün müvafiq göstərişlər verildiyini qeyd edib. Bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb və müşavirədə bu məsələlər müzakirə edilərək lazım olan qərarlar veriləcək. Prezident həmçinin, ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələrinin icra edildiyini, kənd yolları, şəhərlərarası yollar və magistral yolların inşa edildiyini bildirib. 20 il əvvəl yolların vəziyyətinin standartlara uyğun olmadığını xatırladan dövlət başçısı, bu müddət ərzində yeni yolların salındığını və demək olar ki, bütün şəhərlərin müasir yollarla birləşdirildiyini qeyd edib. Cənab Prezident İlham Əliyevin bu fikri ölkənin strateji coğrafi mövqeyinin və inkişaf etmiş nəqliyyat infrastrukturunun əhəmiyyətini vurğulayır. Azərbaycan, xüsusilə son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Avrasiya nəqliyyat dəhlizlərində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev Azərbaycanın strateji nəqliyyat siyasətini uğurla həyata keçirərək ölkəni regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün bu sahədə böyük potensiala malikdir. Xüsusilə Bakı mşəhərində və regionlarda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni metro stansiyalarının tikilməsi və ictimai nəqliyyatın modernləşdirilməsi diqqət mərkəzindədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Zəngəzur dəhlizi layihəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm layihələr Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrilməsinə töhfə verir. Azərbaycanda nəqliyyat infrastrukturu son illərdə sürətlə inkişaf edir. Ölkədə yeni avtomobil yolları, körpülər, tunellər, hava limanları və dəmir yolu xətləri tikilir və yenidən qurulur.
Ramin Əliyev,
YAP fəalı