1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələr arasında strateji tərəfdaşlığın əsası qoyulub. Diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərin 30-cu ildönümü qeyd olunub. Hər iki ölkə arasında indiyə kimi ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Həmçinin ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları var. Eyni zamanda Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. Bununla yanaşı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Təbii ki, Azərbaycanla Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regiondan keçən yük axınının həcmini dəfələrlə artırıb.
Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Bütün bunlarla yanaşı Azərbaycanla Gürcüstan arasında mədəni-humanitar əməkdaşlıq da yükəsk səviyyədədir. Gürcüstanda 233 min soydaşımız yaşayır və onlar bu ölkənin mədəni istisadi, siyasi həyatında aktiv formada təmsil olunur. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr var. Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə mövcuddur. Ulu Öndərin Gürcüstanla əlaqələrə vermiş olduğu böyük önəm bu gün ən yüksək formada tərənnüm edilir. Həmçinin Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də fəaliyyət göstərir ki, bunlar bütün sahələrdə əlaqələrin və qarşılıqlı hörmətin bariz nümunəsi hesab olunur.
Əzizzadə Nəzakət,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin tarix müəllimi