COP29 görüşləri ölkələr və ətraf mühit üçün çox mühüm tədbirlərdən biridir. Qlobal standartları müəyyən etmək, iqlim səylərini koordinasiya etmək və iqlim dəyişikliyinin həllinə yönəlmiş siyasətləri gücləndirmək üçün bu tədbir demək olar ki, bütün dövləti bir araya gətirir. Müşahidə edilən ekstremal hava hadisələri və biomüxtəlifliyin itirilməsi kimi iqlim dəyişikliyinin təsirləri hər il daha da şiddətləndiyi üçün bu konfransların əhəmiyyəti artmışdır. Son dövrlərdə iqlim dəyişikliklərinin təsirinin aydın təzahürləri, sel və daşqınların yüksək həddə çatması, buzlaqların surətlə əriməsi Avropa və digər qitələrdə olan ölkələri planetimizin nə qədər ciddi problemlə qarşı-qarşıya olduğuna bir daha inandırdı.
Azərbaycanda təşkil olunan COP29, iqlim fəaliyyəti üçün iddialı məqsədlər qarşıya qoymuşdur. Bu tədbir qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5°C-ə qədər məhdudlaşdırmaq daxil olmaqla, Paris Sazişinin məqsədlərinə necə nail olacaqlarını müzakirə etmək üçün ölkələr üçün mərkəzi platformaya çevrildi. COP-da bağlanan sazişlər tez-tez ölkələri öz iqlim öhdəliklərini (NDC) gücləndirməyə, bərpa olunan enerjiyə keçməyə və iqlim dəyişikliyindən əziyyət çəkən əraziləri dəstəkləməyə sövq edir. Həmçinin toplantıda əsas məqsədlərdən biri də iqlimə uyğunlaşma üçün maliyyə resurslarının artırılması və xüsusilə, qeyd etdiyimiz kimi həssas bölgələrdə dəyişkənliklərin vurduğu itki və zərərin aradan qaldırılmasıdır. Belə ki, yaşıl texnologiyanı idarə etmək, ekosistemləri qorumaq və inkişaf etməkdə olan ölkələrə iqlim təsirlərini yumşaltmaqda və onlara uyğunlaşmaqda kömək etmək üçün əhəmiyyətli investisiyalara ehtiyac olduğu üçün maliyyə əsas diqqət mərkəzindədir.
COP29-un digər mühüm məqsədi ölkələrin istixana qazı emissiyalarını azaltmaq üçün götürdüyü öhdəliklər olan yenilənmiş Milli Müəyyən Edilmiş Töhfələri (NDC) müəyyən etməkdir. Həmçinin beynəlxalq konsensus tələb edən, mürəkkəb məsələ olaraq qalan Paris Sazişinin 6-cı maddəsinə əsasən karbon bazarı mexanizmlərini inkişaf etdirməkdir. Qeyd edək ki, elə COP29 iqlim konfransının ilk günündə tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə irəliləyişə nail olub, vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəliblər.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəni həqiqətən də beynəlxalq səhnədə diqqət mərkəzində saxlayır. Bu rol Azərbaycanın iqlim problemlərinə sadiqliyini vurğulayır və ölkənin qlobal ekoloji həllərə fəal töhfə vermək ambisiyasını göstərir. Tədbirə ev sahibliyi etmək həm də Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında artan iştirakını əks etdirir və ölkəyə iqlimin maliyyələşdirilməsi, adaptasiya və təsirin azaldılması ilə bağlı mühüm müzakirələrə təsir göstərməyə imkan verir.
Azərbaycan bərpa olunan enerji baxımından yüksək potensiala sahib olan ölkələrdəndir və bu sahədə qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir. Bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir və getdikcə bu imkanları genişləndirməyi planlaşdırır. Ölkəmiz 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40%-ə qədər azaltmağı planlaşdırır. Bu baxımdan 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizin bu sahədə tutduğu mövqeyi və tədbirin əhəmiyyətini bir daha dünya ictimayyətinə çatdırmışdır. O, qeyd etmişdir ki, “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.”
Ümumiyyətlə, COP29 qlobal iqlim fəaliyyətini artırmaq və səyləri Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üçün mühüm fürsət kimi qiymətləndirilir.
Aidə Abbasova,
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi