AnalitikaGündəm

Azərbaycanın dünyada artan nüfuzu – COP29 bizə göstərilən etimaddır

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, mövqeyi artmaqda davam edir. Ölkəmiz tək regionda deyil, dünyada söz sahibi olan dövlətlər sırasında yer almaqdadır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un da ölkəmizdə keçirilməsi bu nüfuzun göstəricisidir. BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi də Azərbaycanın müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bəyan edib ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi dünyada fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Prezident açılışda bəyan edib ki, 200-ə qədər ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu: “Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.

Yəni, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq.

Heç şübhəsiz, Azərbaycan tarixinin ən önəmli məqamı torpaqlarımızın Ermənistan işğalından azad edilməsidir. BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri ilə bağlı qətnamələri otuz il ərzində icrasız qaldıqdan sonra onların həyata keçirilməsini ölkəmiz özü təmin etdi. Lider İlham Əliyev çıxışında bu məsələyə də toxunub, Azərbaycanın kağız üzərində qalan qətnamələrin tələblərini öz gücü ilə icra etdiyini bildirib. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin iyirmi faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, güclü ölkə qura bildi, iqtisadiyyatı möhkəmləndirdi və müstəqil siyasət həyata keçirdi. Beləliklə, dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd edən Azərbaycan öz suverenliyini tam təmin etdi. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu.

Prezident nitqində onu da bəyan etdi ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra bəzi dairələrin hədəfinə çevrildi. Bunun qarayaxma kampaniyası olması isə heç kimə sirr deyil. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında dezinformasiya yayılması uğrunda yarışa girdikləri göz önündədir. İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşma imzaladı. Bu, onların öz təklifi idi. İki il əvvəl Bakıya gəlib bu sənədi imzalayan xanım niyəsə indi BMT-nin belə mötəbər tədbirində iştirakdan imtina edib. Çünki onlara bizim sadəcə, “mavi yanacağ”ımız lazım idi. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. “Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, – Prezident həmin dairələrə cavab olaraq bildirib. Bu istiqamətdə ən çox fəallıq edənlər Ermənistan, Fransa başda olmaqla Avropa İttifaqının bir sıra üzvləri, İran mətbuatıdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan COP29-a dəvət edilsə də, bu ölkənin rəsmi nümayəndəsi hələ də Bakıya gəlməyib. Məlumatlara görə, Ermənistan iştirakla bağlı qeydiyyatdan keçib. Deməli, bu, rəsmi İrəvanın etibarsız olmasının növbəti göstəricisi sayıla bilər. Ermənistan hakimiyyətinin nümayəndələri konfransa qatılmaqlarının Azərbaycanla danışıqlardan asılı olduğunu iddia edirlər. Hər kəsə gün kimi aydındır ki, indiki şəraitdə Azərbaycanla Ermənistan arasında hər hansı danışıq mövcud deyil. Belə şəraitdə hansı danışıqdan söhbət gedir? Çox gülünc yanaşmadır. Əslində, Ermənistan regionda ətraf mühiti, çayları, havanı çirkləndirən əsas ölkədir. Metsamor AES isə hələ də Cənubi Qafqazın ekoloji vəziyyətini təhdid etməkdədir.

ABŞ, Avropa İttifaqında bəzi siyasilər, senatorlar, erməni lobbisi, Fransa hakimiyyəti Qarabağda fəaliyyət göstərmiş separatçı və terrorçuları “siyasi məhbus” adlandıraraq Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışları ilə çıxış ediblər. Həmin qüvvələr bununla BMT-nin layihəsini boykot etməyə səy göstəriblər.

Esmira Nuriyeva,
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button