Cari ilin 6 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının XI Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Zirvə görüşündə iştirak edib. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Türk dünyasının birliyinin şahidi oldu. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. TDT-nin bir əvvəl – ötən il noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən onuncu – yubiley Zirvə görüşü oldu. Astana Sammitinin konkret tezisi var idi: “Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı adlı Zirvə görüşü. Cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcək. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən humanitara qədər bir çox sahələrdə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq.
Türk Dünyası Xartiyasının və qurumun yeni bayrağının qəbul edilməsi haqqında tarixi qərarlar isə türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərin tanınmasına, çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin və birliyin gücləndirilməsinə mühüm töhfədir. Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə kosmosda əməkdaşlıq da daxil olmaqla təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, “Yaşıl düşüncə. Davamlı gələcək naminə birliyin qəbul edilməsi” devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə məhz getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin yeni bariz ifadəsidir. İkinci Qarabağ savaşından sonra Türkiyə ilə yanaşı, Azərbaycan da müdafiə sənayesini təkcə özünün deyil, Mərkəzi Asiya ölkələrinin də bir sıra tələblərini təmin edə biləcək səviyyədə gücləndirib. Türk Dövlətləri Təşkilatının üzvlərinin Azərbaycanın yanında olması dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dəstəyi ilə məktəblər və yaradıcılıq mərkəzlərinin tikilməsini yüksək qiymətləndirərək, bu yardımları qardaşlıq nümunəsi kimi səciyyələndirmişdir. Bu, Türk Dövlətləri Təşkilatının üzvlərinin Azərbaycanın yanında olmasını və həmrəyliyini əks etdirir ki, bu da qarşılıqlı etimad və qardaşlıq əlaqələrinin güclənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Bişkek Zirvə görüşündəki çıxışı Azərbaycanın Türk Dünyasının birliyinin gücləndirilməsinə olan bağlılığını, bölgədə təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsində oynadığı mühüm rolu bir daha nümayiş etdirmişdir.
Həsən Xələfov,
Maştağa qəsəbəsi, 28 saylı tam orta məktəbin Tarix müəllimi