AnalitikaGündəm

Zəngilanın işğaldan azad edilməsi yalnız tarixi ədalətin bərpası deyil, həm də regionda yeni siyasi və iqtisadi nizamın formalaşmasına təkan verib

“Vətən müharibəsi zamanı Zəngilanın işğaldan azad edilməsi yalnız tarixi ədalətin bərpası deyil, həm də regionda yeni siyasi və iqtisadi nizamın formalaşmasına təkan verib. Zəngilanın azad edilməsi və onun ətrafında gedən proseslər regionda siyasi və geosiyasi reallıqların dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zəngilanın strateji yerləşməsi həm Ermənistan, həm də regional tərəfdaşlar üçün ciddi geosiyasi mesajlar ehtiva edir. Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsi ilə qanunsuz ticarət və hərbi təxribatların qarşısı alınıb, Azərbaycanın sərhəd təhlükəsizliyi təmin olunub. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı səylər post-münaqişə dövründə Azərbaycanın regionda ticarət və logistika mərkəzinə çevrilməsi məqsədini güdür”.

Bunu “Victorytime.az”a açıqlmasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Zəngəzur dəhlizin istifadəyə verilməsi Naxçıvanla quru bağlantısının təmin olunması və Türkiyə ilə daha sıx iqtisadi-siyasi inteqrasiya perspektivləri Ermənistan üzərində strateji təzyiq vasitəsinə çevrilib. Nəzərə alınmalıdır ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqaviməti onun regiondakı izolyasiyasını dərinləşdirir. Ermənistan hökumətinin beynəlxalq hüquqa zidd davranışları və üçtərəfli bəyanatların şərtlərini icra etməməsi onun daha böyük regional əməkdaşlıq proseslərindən kənarda qalması ilə nəticələnir. Dövlətimiz isə bu dəhlizi yalnız iqtisadi layihə kimi deyil, həm də siyasi üstünlük və regionda davamlı sabitliyin təminatı üçün mühüm vasitə kimi görür. Prezident İlham Əliyevin beynəlxalq platformalarda çıxışları Azərbaycanın prinsipial mövqeyini ifadə edir. O, 8 oktyabr 2024-cü ildə Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın destruktiv siyasətini bir daha sərt tənqid etmiş və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Dövlət başçımızın bəyanatları göstərir ki, Ermənistanın revanşist yanaşmaları nəticəsiz qalacaq və regionun gələcək siyasi nizamında Azərbaycanın rolu daha da möhkəmlənəcəkdir.

Onun sözlərinə görə, Zəngilan şəhəri post-münaqişə dövründə Azərbaycanın dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və reinteqrasiya layihələri dövlətin vətəndaşlarına olan qayğısını nümayiş etdirir. “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonuna mülki əhalinin qayıdışı, infrastrukturun yenidən qurulması və sosial təminatın artırılması dövlətimizin əsas prioritetlərindən biridir. Beləliklə, Zəngilanın işğaldan azad edilməsi və post-müharibə dövründə həyata keçirilən diplomatik təşəbbüslər Azərbaycanın regionda siyasi üstünlüyünü artırmaqla yanaşı, ölkənin iqtisadi və sosial dayanıqlığını da təmin edir. Bu hadisələr həm Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin rəmzi, həm də yeni reallıqların formalaşdığı Cənubi Qafqazın geosiyasi mənzərəsini müəyyən edən mühüm bir mərhələdir.

Oxşar Xəbərlər

Back to top button