AnalitikaGündəm

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gələcəyə hesablanmış uğurlu iqtisadi siyasət Azərbaycanı daha güclü edir

Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi  bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Dövlət başçısı İlham Əliyev hələ bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın uğurları fonunda qarşıdakı dövrün əsas vəzifələrini açıqlayarkən bu fikri xüsusi qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması  Azərbaycanın hazırda dünyaya təkmil iqtisadi inkişaf, həmçinin dirçəliş modelini təqdim etməsini şərtləndirir. Bunun üçün tarixi Zəfərimizdən ötən 4 ildə azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa işlərinə diqət yetirmək kifayətdir. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda  bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil.  450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi.  Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. «Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə» bildirən cənab İlham Əliyev, eyni zamanda, diqqəti  mədəni, tarixi irsimizin qorunması üçün görülən işlərə yönəltdi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin  müəyyənləşdirildiyini və  əvvəlki illərdə əldə olunan uğurlar əsasında  gələcəyə inamla addımladığımızı təsdiqləyir. Təhlillər əsasında Azərbaycanın daim hədəfə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Cənab İlham Əliyev postmünaqişə dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki,  mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bütün güclər də səfərbər edilib.  Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.» Dövlət başçısının qeyd etdiyi kimi,  Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar  Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki,  gələn il imkan daxilində bütün əsas vəzifələr icra edilsin: «Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.» Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar iqtisadi inkişafımızı daha da sürətləndirəcək.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button