
2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin böyük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın işğalçı ordusu məhv edildi. Düşmənin canlı qüvvəsinə və texniki təchizatına ağır zərbə vuruldu, işğalçıya və onun himayədarlarına layiq olduqları yer göstərildi. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsədə Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. Erməni separatçı quldur dəstələri Rusiyanın müvəqqəti şəkildə bölgədə yerləşdirilmiş sülhyaratma kontingentinin gözü qarşısında yeni səngərlər və mühəndis-istehkam xətləri qurur, bölgəyə yeni hərbi qüvvələr və hərbi təchizat daşınmasını davam etdirirdilər. Yəni açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar aparılırdı və müşahidəçilər də bunun belə olduğunu inkar etmirdilər.Daha vəziyyət bu cür davam edə bilməzdi.19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu.Bununla da təkcə Qarabağda deyil, Cənubi Qafqazda erməni separatizminin kökü kəsildi. Bu, Azərbaycanın son 100 ildə qazandığı möhtəşəm hərbi uğurlarından biri, müzəffər Ordumuzun növbəti tarixi Zəfəri, daha doğrusu, Zəfərdən sonra qoyulan nida işarəsi idi. Həmin gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu.
Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb.Azərbaycanın əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır.
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri