AnalitikaGündəm

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Azərbaycan-İtaliya münasibətlərinin son dövrdə strateji tərəfdaşlıq və dostluq səviyyəsinə yüksəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir.  Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir. İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində İtaliya dost ölkə olaraq öz töhfəsini verir. Belə ki, İtaliya şirkətləri işğaldan azad olunmuş Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. İtaliyanın daha bir şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Görülən işlər və layihələr bu əlaqələrin davamlığının təzahürüdür.

İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Ölkələrimiz arasında ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.

Azərbaycanın Avropa və Asiyanın qovşağında yerləşməsi onu regional enerji geosiyasətində mühüm oyunçuya çevirir. O, əsas neft və qaz istehsalçısı və Xəzər ehtiyatlarını Avropa və dünya bazarlarına birləşdirən boru kəmərləri üçün əsas ölkədir. Azərbaycanın yerləşməsi ona Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi beynəlxalq ticarət yollarında həlledici nöqtə olmağa imkan verir. Bu, onun həm Avropa, həm də Asiya ilə diplomatik təsir imkanlarını artırır. Avropanın enerji şaxələndirilməsi axtarışları, xüsusən də Rusiya qazından asılılığı azaltması Azərbaycanı mühüm enerji təchizatçısı kimi mövqeləndirir.  Azərbaycan İtaliya və Böyük Britaniya kimi ölkələrlə əhəmiyyətli enerji sazişləri imzalayıb və bu, onu Avropanın enerji təhlükəsizliyi üçün mühüm tərəfdaşa çevirib.

Azərbaycan Prezidentinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı və səsləndirdiyi fikirlər forum iştirakçıları tərəfindən böyük maraqla dinlənilib. Ölkə Prezidenti qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq

Dövlətimizin başçısının moderatorun suallarına verdiyi cavablar Azərbaycan liderinin qətiyyətini, ölkənin mövqeyini bir daha nümayiş etdirdi. Prezident qeyd etdi ki, Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi: “Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq.

Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının faəlı 

Oxşar Xəbərlər

Back to top button