Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, hazırda respublikamız keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlib. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsini daha da sürətləndirib. Bu səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını, əmtəə dövriyyəsinin artmasını, nəqliyyat və energetika sahələrində əməkdaşlığın yeni mərhələyə daxil olmasını şərtləndirib. Ölkələrimiz arasında qabarıq nəzərə çarpan bu dinamizm ticarətin genişlənməsinə müsbət təsir göstərib. Belə ki, 2023-cü ildə mövcud sahədə dövriyyə 232 milyon dollar təşkil edib. Cari ilin yanvar–iyul aylarında isə həmin göstərici 118 milyon dolları ötüb. Hər iki dövlətin iqtisadi inkişafını şərtləndirən bir məqamı da xatırlatmaq yerinə düşər. Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə dost ölkənin 70 şirkəti fəaliyyət göstərir. Yeni yaradılan birgə investisiya fondu isə bu uğurlu rəqəmlərin stimullaşdırılmasında mühüm rol oynayır. Hazırda əməkdaşlığın genişlənməsinə bir sıra perspektivli sahələrdə gerçəkləşdirilən təşəbbüslər, məsələn, ipək istehsalı, toxuculuq klasterinin yaradılması və qida istehsalı layihələri mühüm önəm daşıyır.
Azərbaycan və Özbəkistan münasibətlərində daha çox diqqətçəkən məqamlardan biri Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dost ölkənin hər zaman dəstəkləməsi olub. Belə ki, Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyib. Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin avqustun 23-də hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə də bu barədə ətraflı söhbət açılıb. Prezident İlham Əliyev biznes-forumdakı çıxışında Özbəkistanla Azərbaycan arasında əlverişli biznes mühitinin mövcudluğunu, iş adamlarının birgə fəaliyyət göstərməyə və birgə investisiya qoymağa maraq göstərdiklərini diqqətə çatdırıb. Dövlətimizin başçısı əlverişli investisiya mühitinin Azərbaycanda da yaradıldığını, ona görə də özbək investorların respublikamızda işləməyə, sərmayə qoymağa ciddi maraq göstərdiklərini xatırladıb. Daşkənddə Azərbaycan və Özbəkistanın işgüzar dairələri nümayəndələri ilə görüşdən sonra ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihəyə start verilməsi mərasimi keçirilib. Həmin layihələr sırasında Özbəkistanda dəyəri 200 milyon dollar olan beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi, Qaşqadərya vilayətinin Qamaşı rayonunda istehsal gücü sutkada 350 ton, layihə dəyəri 20 milyon dollarlıq gips, eləcə də gips-karton məmulatları istehsalı zavodunun inşası, “Agalarov Development” tərəfindən 133 milyon dollarlıq yaşayış komplekslərinin salınması, Azərbaycanda isə tekstil klasterinin yaradılması , toxuculuq fabrikinin tikintisi, Özbəkistan-Azərbaycan dostluq bağının salınması kimi təşəbbüslər yer alıb.Bütün bunlar Azərbaycan və Özbəkistan arasında olan möhkəm dostluğun və iqtisadi münasibətlərin bariz nümunəsidir. Şübhəsiz ki, gələcəkdə də Azərbaycan və Özbəkistan arasında olan sıx əlaqə daha da yüksək səviyyədə inkişaf etməyə davam edəcək.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı