Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatının inkişafı baxımdan müsbət nəticələrini verməkdədir. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində artıq ölkələrarası ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Müqayisə üçün bir neçə fakta diqqəti çəkmək olar: 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə – 4,4 milyard dollara çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar təşkil edib. Nəqliyyat-ticarət əlaqələrinin gücləndirilməsinə mühüm töhfələr verən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də önəmi ilbəil daha da bariz şəkildə özünü göstərməkdədir. Belə ki, bu dəhliz vasitəsilə 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb.
Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb. Avqustun 19-da mətbuata bəyanat zamanı dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı dəhlizin imkanlarının daha böyük olduğunu vurğulayıb: “Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır”. Son illərdə birgə sənaye kooperasiyası layihələrinin reallaşdırılması da ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Belə ki, Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1300 müəssisə fəaliyyət göstərir. Rusiya investorları tərəfindən Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar yatırılıb. Ümumilikdə isə onu demək olar ki, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır. Bu xüsusda cari ilin yanvarında imzalanan “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin əhəmiyyətini də önə çəkmək lazımdır. Həmin xəritə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımları atılmasını nəzərdə tutur. Avqustun 19-da keçirilən görüşlərin ardından AZPROMO ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti arasında Anlaşma Memorandumu, ekologiya, əmək qanunvericiliyi, qida təhlükəsizliyi, bitkiçilik, səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində sənədlərin imzalanması da bu yol xəritəsinin tərkib hissəsi kimi, əməkdaşlığın yeni müstəviyə keçməsinə təkan verəcək.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı