“Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət, bir-birinə qaynayıb qarışan milyonlarla insanın taleləri bağlayır. Ötən illər ərzində bu irsi qoruyub saxlamağa və artırmağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olunub”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 300-dək ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib: “Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli də yaradılıb. Bu səbəbdən də demək olar ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır”.
“Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur: “Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması da ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində isə əlaqələr daha da inkişaf edib. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Xüsusilə də, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qaldırıb. Bu gün artıq hər iki ölkə müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir”.