
“Böyük Britaniyada keçirilən və dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə Prezident İlham Əliyevin də iş tirak etməsi beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışı zamanı cənab Prezidentin söylədiyi fikirlər öz aktuallığı ilə fərqlənirdi”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında aparılan müzakirələr və gəlinən qənaət regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq. Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində 12 ölkə və təşkilat lideri ilə görüşləri baş tutub. Diqqət çəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu, onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır. İkitərəfli danışıqlarda xüsusən Azərbaycanın sülh təşəbbüslərinin təqdir olunması və dəstəklənməsi dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir.
Onun sözlərinə görə, Cənab Prezident çıxışında son illər ərzində Avropa qitəsinə Azərbaycan qazının təchizatının artmasına diqqət çəkmişdir. 2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr idisə, bu il bu rəqəm 13 milyard kubmetr olacaq. Bu artım, Avropanın enerji təminatında Azərbaycanın əhəmiyyətini bir daha göstərir. Prezident İlham Əliyevin Oksfordda keçirilən Zirvə toplantısında etdiyi çıxış, Azərbaycanın enerji strategiyasını və gələcək hədəflərini əks etdirməklə yanaşı, dövlətimizin yalnız mövcud tələbatı qarşılamaqla məhdudlaşmadığını, eyni zamanda yeni bazarlara çıxmaq və mövcud bazarlarda payını artırmaq məqsədinin də olduğunu xatırladır. Sözsüz ki, bu istiqamətdə atılan addımlar, yeni tərəfdaşlarla əməkdaşlıq və mövcud infrastrukturun inkişafı Azərbaycanın enerji sektorunda parlaq bir gələcək qurmasına zəmin yaradacaqdır.