AnalitikaGündəm

Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur

Azərbaycan regional çoxtərəfli əməkdaşlığı çox vacib hesab edir və GUAM-ın əsas yaradıcısı kimi biz regionda daha mehriban və daha sabit münasibətlərə nail olunmasına öz töhfəmizi veririk. Azərbaycanın həm Qərb, həm də Şərq mədəniyyətinə məxsus olması ilə bağlı nadir xüsusiyyəti dini məlumatsızlığın və dözümsüzlüyün aradan qaldırılması üçün dinlərarası dialoqda mühüm rol oynamaq üçün imkanlar yaradır. 2007-ci ildə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sədri kimi Azərbaycan İslam Konfransı Təşkilatının strukturlarının və funksiyalarının daha da gücləndirilməsi və Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərmişdir. Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur. Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, ölkəmizin bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Habelə beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm beynəlxalq tədbir təşkil olunmuşdur. Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı. – Azərbaycan regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edir və yuxarıda qeyd edilmiş səbəblərə görə Ermənistan istisna olmaqla, bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. Qonşu dövlətlərlə əlaqələrin daha da inkişafı həllini gözləyən regional problemlərin qarşılıqlı surətdə qəbul olunan şəkildə nizamlanması variantının tapılmasına imkan yaradacaqdır. Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və bu əməkdaşlığın genişlənməsi davam edir. Azərbaycan İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır, habelə Xəzər dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi ilə Orta Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirir. Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. Bu mənada Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır . Milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyası, habelə özünəməxsus və bəzən ziddiyyətli siyasət yürüdən regional və regiondan kənarda olan aktorlarla modus vivendi-nin tapılmasına imkan yaradan elastiklik arasında mürəkkəb balans Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətidir.

Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button