Azərbaycan ŞƏT əməkdaşlığı zəngin perspektivə dayanır

Beynəlxalq münasibətləri həm nəzəri, həm də praktiki səviyyədə dərindən bilən, geniş və məntiqli analitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin edir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdən asılı olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub və yüksək qiymətləndirilib. Heç də təsadüfi deyil ki, ölkəmiz bilavasitə 155 ölkənin dəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanın uğurlu xarici siyasətinin mühüm əlamətidir. Digər vacib göstərici isə dünyanın ikinci ən böyük beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik Azərbaycana etibar edilib. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvi və ədalətli idarəçilik, institusional yeniliklər sayəsində bu beynəlxalq təsisat dünyada böyük imic qazandı, qlobal çəkisi isə xeyli artdı.S.Möhbalıyev ölkəmizin ŞƏT üçün əhəmiyyətini də xatırladaraq qeyd edib: “Bildiyimiz kimi, Azərbaycanın bütün sahələri əhatə edən davamlı inkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişli təbii-coğrafi mövqeyi və təşəbbüskarı olduğu nəhəng layihələrin əhəmiyyəti ölkəmizin bu təşkilatla əlaqələrinə ciddi təsir edir. Eləcə də tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlər üçün üstünlükləri böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çox maraqlıdır”.Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə də yüksək səviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı