AnalitikaGündəm

ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır

“Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. 3-4 iyul tarixlərində isə Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Prezident İlham Əliyevin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə xüsusi dəvət alması, həmin tədbirlərdə fəal iştirakı Azərbaycan Liderinə və ölkəmizə göstərilən böyük ehtiramın göstəricisidir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin Astana Zirvə görüşündə iştirakı və sammitdə dərinməzmunlu çıxışı ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Sammitin yekunu olaraq qəbul edilmiş Astana Bəyannaməsi də gələcək əməkdaşlığın konturlarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“ŞƏT plyus” formatında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış edib. Cənab Prezident çıxışında Azərbaycan region üçün önəmindən, nəqliyyat dəhlizlərinin əhəmiyyətindən də bəhs edib. Belə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, sammitdə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti də vurğulanıb. Dövət başçısının qeyd etdiyi kimi, Azərbaycan Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin lideri Si Cinpin ilə aparılan müzakirələr ayrıca qeyd olunmalıdır. Astanada qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələrarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button