Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir

Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli istifadə edərək üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnərək yeni-yeni dividendlər əldə etmək istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Bu sahədə ən önəmli rolu, ilk növbədə, BTQ, Bakıdan Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanan avtomobil yolları, Xəzər dənizində və Qara dənizdə Azərbaycanın inşa etdiyi limanlar, o cümlədən Türkiyə və Gürcüstan ərazisindəki dəniz və dəmir yolu limanları oynayacaqdır.
Bundan başqa, xüsusi qeyd edilməlidir ki, “Şimal-Cənub” dəhlizi layihəsi Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusən çoxdur. “Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Həmin dəhliz Avropa-Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.
Son dövrlərdə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regiondakı fərqli qütblər arasındakı geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda, Azərbaycan həm özünün multikultural və sabit ictimai-siyasi cəmiyyət həyatı ilə, həm də yürütdüyü balanslı xarici siyasət və tərəfdaşlıq kursu ilə xüsusi iqtisadi-siyasi dividendlər qazanmağı hədəfləyir. Bu hədəflərin ən mühümü, iqtisadi sahədə fəaliyyətin şaxələndirilməsi, post neft dövründə ölkəmiz üçün qeyri-neft sahəsindəki fəaliyyətdən əlavə gəlir mənbəyi əldə etməkdirsə, siyasi və geosiyasi sahədə regionda müstəqil siyasət yürüdən dövlət imicini qorumaq, regionda və dünyada bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə, təhlükəsizlik sahəsində hamılıqla beynəlxalq hüquq normalarına əməl etmək və s. ibarətdir.
Sahil Əliyev,
YAP-ın gənc fəalı