Azərbaycan-Misir əlaqələri yüksələn xəttlə inkişaf edir

Keçmiş sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu bir reallıqdır ki, Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Eyni zamanda keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Azərbaycanla Misir arasında əlaqələr dərin tarixi köklərə söykənir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə daxil oldu. Azərbaycanın Misirdə, Misirin Azərbaycanda səfirliyi fəaliyyətə başladı.
Misirlə Azərbaycan arasında əlaqələr ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri, o vaxtkı Misir Prezidenti Hüsnü Mübarəklə müzakirələrdən sonra yeni mərhələyə qədəm qoydu. Həmin dövrdən başlayaraq iki ölkənin müxtəlif dövlət qurumları arasında əlaqələr daha da inkişaf etdi, qarşılıqlı səfərlərin həyata keçirilməsinə başlanıldı.
Sonrakı dövrdə – 2007-ci il mayın 6-8-də Prezident İlham Əliyev Qahirəyə rəsmi səfər etdi. Səfər zamanı imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdi.
Bu gün iki dost ölkə Misirlə Azərbaycan bir çox beynəlxalq təşkilatlar, o cümlədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. Misir torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, həmçinin İƏT-in Ermənistanın işğalçı siyasətini pisləyən qərarlarına qoşulub.
1994-cü ilin aprelində rəsmi Qahirə BMT-nin Cenevrədəki İnsan Hüquqları Komissiyasının 52-ci sessiyasında Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib.
Misir ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə də fəal iştirak edib. Hələ 2007-ci ilin aprelində Misirin nümayəndə heyəti Bakıda keçirilmiş “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransa qatılıb. Eyni zamanda Misirin nümayəndə heyətləri 2008-ci ilin iyununda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş Beynəlxalq Forumda, 2011-ci ilin aprelində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, ötən il ən yüksək səviyyədə təşkil olunmuş Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında da fəal iştirak ediblər.
İqtisadi əməkdaşlığa gəldikdə, 2002-ci il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev 1994-cü il 7 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”in icrasını təmin etmək üçün Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncam imzalayıb.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı