Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır

Tarix boyu türk xaqanları böyük bir coğrafi məkanda yaşayan türk xalqlarını birləşdirmək istiqamətində böyük işlər görmüşlər. Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikası eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik xalqlarla münasibətlərini tamamilə yeni müstəvidə qurmaq imkanı əldə etmişdir. Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir. Bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Prezident cənab İlham Əliyevin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.
Mətanət Cəfərova,
YAP-ın fəalı