Azərbaycan və Belarus arasındakı əlaqələr
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri təkcə ölkəmizdə yox, Qriqoryeviçin vətənində də, Rusiyada da, bəzi Avropa ölkələrində də diqqət mərkəzinə düşüb. Rusiyada bəzi media orqanlarında “Lukaşenko Əliyevi “Qafqazın lideri” təyin etdi” kimi başlıqlar verilib, Azərbaycanla Belarus arasında aparılan danışıqlardan bəhs olunub. Belarus lideri ilə Azərbaycan Prezidenti arasında aparılan təkbətək danışıqlarda və geniş tərkibdə keçirilən görüşlərdə ölkələrimizin mehriban dostlar olduğu, əksər məsələlərdə rahat anlaşdığı ətrafında gedib, münasibətlərin dinamik inkişafı qeyd olunub. Azərbaycan və Belarus arasındakı əlaqələr isə təkcə dövlət rəhbərlərinin anlaşması, dostluq münasibətləri ilə yekunlaşmır. Hər iki dövlətin qarşılıqlı iqtisadi-ticari əməkdaşlığı müsbət plandadır və bu potensialı daha da artırmaq üçün lazımi tədbirlər görülməsi planlaşdırılır. Bir çox başqa ölkələr kimi, Belarus şirkətləri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Bu, olduqca böyük layihədir. Söhbət Avropadakı bir neçə cırtdan dövlətin ərazisindən böyük əraziyə malik mahalların yenidən qurulmasından, tikilməsindən, müasir standartlara cavab verən, hər cür infrastruktura malik yaşayış məskənlərinə çevrilməsindən gedir. Azərbaycan bütün bu işləri təkbaşına etsə, bu, uzun vaxt aparar, ona görə də başda Türkiyə olmaqla, digər dost ölkələr bu işə cəlb edilməkdədir. Belarus da o sıradadır. Bu iki ölkənin beynəlxalq müstəvidə də bir-birinə dəstək verməsi önəmlidir. Məlum olduğu kimi, Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar onun ən yaxın müttəfiqi Belarus da ABŞ və Avropa tərəfindən tənqidlərə, sanksiyalara, hədələrə məruz qalır. Eyni zamanda Azərbaycan öz torpaqlarını silahlı erməni separatçılarından azad etdiyinə görə Avropa miqysında haqsız tənqidlərin hədəfindədir. Rusiya mediasının diqqət yetirdiyi məqam isə Aleksandr Lukaşenkonun mətbuata verdiyi bəyanatda səslənib. O, Azərbaycanın son illər böyük nailiyyətlər əldə etdiyini, uzun müddət səhraya çevrilmiş torpaqlarını geri qaytardığını vurğulayaraq, deyib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.
Rüstəmov Bəhruz.,
YAP-ın fəalı