Azərbaycan və Belarus: ənənələr və innovasiyalar ittifaqı
Azərbaycan ilə Belarus arasında münasibətlər qarşılıqlı hörmətə, iqtisadi əməkdaşlığa və siyasi qarşılıqlı fəaliyyətə əsaslanan sabit və dost xarakter daşıyır.
Aleksandr Lukaşenko və Heydər əliyev 1990-cı illərdə Belarus ilə Azərbaycan arasında münasibətlərin qurulmasında və inkişafında əsas rol oynayıblar. Onların qarşılıqlı fəaliyyəti iki ölkə arasında davamlı əməkdaşlığın əsasını qoydu. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılmışdır. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə Səfirliklər açılmışdır. Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq sənaye, kənd təsərrüfatı, nəqliyyat və İT texnologiyaları da daxil olmaqla müxtəlif sahələri əhatə edir.
Azərbaycan və Belarus arasındakı münasibətlərdə mədəni və humanitar əlaqələr də mühüm rol oynayır. Təhsil, mədəniyyət və elm sahələrində mübadilələr aparılır. Ölkələrdə bir-birinin mədəniyyət günləri keçirilir ki, bu da xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun dərinləşməsinə kömək edir.
Azərbaycanla Belarus arasında münasibətlərin inkişaf perspektivləri ümidverici görünür. Hər iki ölkə əməkdaşlığı daha da dərinləşdirməyə, ticarət və iqtisadi əlaqələri genişləndirməyə, mədəni və humanitar əlaqələri gücləndirməyə çalışır. Beləliklə, Azərbaycanla Belarus arasında münasibətləri sabit, qarşılıqlı faydalı və çoxşaxəli, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün böyük potensiala malik kimi xarakterizə etmək olar.
May ayının 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkəmizə rəsmi səfərə gəlmoşdir. Həmin gün keçirilən Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində iki ölkə arasında münasibətlərin genişləndirilməsi və digər məsələlər müzakirə edildi. Prezident İlham Əliyev keçirilən geniş tərkibdə görüşdə bildirdi ki, münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb. Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
“Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”. Bu barədə Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında söyləyib. İlham Əliyev işğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şeyin dağıdıldığını vurğulayıb. Prezident bildirib ki, infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. “Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”-deyə prezident bildirib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə də tanış oldular.
Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaşdılar. Ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.
İslam Bafadarov,
YAP-ın gənc fəalı