Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir
Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə qeyd ediblər.
Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra həmin ilin iyununda qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir.
Azərbaycan-Bolqarıstan əlaqələri illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmişdir. Azərbaycan dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında və 2015-ci ilin martında Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir. Sonuncu səfər enerji layihələri və qarşılıqlı sərmayələrlə bağlı müzakirələrlə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə bağlı müzakirələr ortaya çıxardığından xüsusilə əhəmiyyətli idi. 2022-ci ilin payızında isə Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etmişdir.
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir. Səfər çərçivəsində hər iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
Keçirilən görüşdə, ölkə başçıları “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar. Eyni zamanda mərasimdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” da imzalandı. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Məhz, Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə bu istiqamətdə çox çalışmaqla yanaşı, qeyri-enerji sektorlarına, nəqliyyyat layihələrinə və mədəni əlaqələrə də önəm verir.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.