Azərbaycan və Bolqarıstan arasında əlaqələrin zəngin tarixi vardır
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Son illər Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, həmin səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda qlobal əhəmiyyət kəsb edən bir sıra məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin daha da genişlənməsinə imkan yaradır. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana növbəti səfəri isə iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacaq. Son illərdə iki dövlət arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. İki ölkənin enerji sektorundakı əməkdaşlığının bugünkü səviyyəsi qənaətbəxşdir və müsbət perspektiv vəd edir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycan enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşıdır. Bolqarıstan Azərbaycanın təbii qaz satdığı 8 ölkədən biridir və qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının bu ölkəyə ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. Bundan başqa, Bolqarıstan Azərbaycanın qazının nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq və Bolqarıstan Azərbaycan qazından fayda götürəcək.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı