Analitika

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

Azərbaycan qlobal miqyasda güclü diplomatiyaya və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzuna malik olduğunu  artıq təsdiqləmişdir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər Azərbaycanda ümumi enerji potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək elektrik stansiyası istismara veriləcəkdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədər olacaqdır. Bu isə Azərbaycanın COP29-a ev sahibliyi etməsində mühüm rol oynadı. Eyni zamanda, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uzun müddət hökm sürən sabitlik və təhlükəsizlik COP29-un Bakıda keçirilməsinə səbəb olan əsas amillərdəndir. Ali Baş Komandanın ötən günlərdə Almaniyaya səfəri Azərbaycanın Avropa ölkələrilə artan əlaqələrinin nəticəsidir. Cənab Prezidentin dediyi kimi, COP29 tədbirində iştirak edəcək təxminən 60 min insan dünyanı narahat edən ekoloji mühitlə bağlı ölkəmizin verdiyi töhvələri görəcəklər. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Məhz bu faktlar təsdiq edir ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.  Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra isə regionda yaranacaq sabitlik Azərbaycanın gücünü, potensialını və imkanlarını daha da artıracaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button