Analitika

Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır

Cənubi Qafqaz coğrafiyasında yerləşən Azərbaycan həm regionunun geostrateji aspekti, həm də öz torpaqlarının yerləşməsi baxımından böyük əhəmiyyətə malikdir. Cənubi Qafqazda həm coğrafi mövqeyinə, həm də təbii sərvətlərinə görə strateji struktura malikdir. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazın mühüm hissəsi kimi Yaxın Şərq, Avropa və Asiyanın kəsişməsində yerləşir. Belə bir coğrafi mövqedə yerləşməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, regionun iqtisadi və siyasi gücünə çevirir. Azərbaycan öz geosiyasi imkanlarından çıxış edərək Uzaq və Yaxın Şərq ölkələri və Rusiya ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq edir.

Qırğızıstan dənizə çıxışı olmayan, dağlıq, iqtisadiyyatı kənd təsərrüfatı, heyvandarlıq və xaricdə işləyən vətəndaşlarının gəlirlərinə əsaslanan aşağı-orta gəlirli ölkədir. Xüsusilə son illərdə işçilərin valyuta gəlirləri ölkə iqtisadiyyatında daha çox əhəmiyyət kəsb edir.  Şübhəsiz ki, Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin genişlənməsində ümummilli lider Heydər Əliyevin böyük və misilsiz xidmətləri olmuşdur. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da qurulub. Amma bu münasibətlər ilk vaxtlar çox da gərgin deyildi. Əslində, iki qardaş ölkə arasında diplomatik münasibətlərin rəsmi zəmində qurulması ancaq 2000-ci illərdəki gecikmə ilə mümkün idi. 2002-ci il aprelin 1-də Qırğızıstan Azərbaycana fəxri konsul təyin edib. 2007-ci il mayın 16-da Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyi açılmışdır. 2008-ci il yanvarın 18-də Qırğızıstan Azərbaycana yeni səfir təyin edib. 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında kommersiya və iqtisadi əməkdaşlıq sazişlərinin imzalanmasına və tərəflərin iqtisadiyyat, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi istəyinə baxmayaraq Azərbaycanla Qırğızıstan arasında münasibətlər ən yüksək səviyyədə deyildi.  Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması şərait var. Yaradılan dövlətlərarası şura ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəkdir. İlk növbədə nəqliyyat infrastrukturunun və Şərq-Qərb   nəqliyyat   dəhlizinin   daha   səmərəli   fəaliyyət  göstərməsi  üçün  səylər birləşdiriləcəkdir.  Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına  imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlardan Qırğızıstan istifadə edə biləcəkdir.

Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu təcrübədən Qırğızıstan iqtisadiyyatının enerji sektorunda Azərbaycan şirkətləri tərəfindən istifadə edilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Sevindirici haldır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilir. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button