Analitika

COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi dünya birliyinin Azərbaycana böyük etimadının və hörmətinin isbatıdır. Şübhə yoxdur ki, COP29 beynəlxalq konfransı ölkəmizin və xalqımızın növbəti böyük uğuru olacaq. Çünki bu dünya miqyaslı tədbir Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olduğunu nümayiş etdirməklə yanaşı yaşıl enerji növlərinin yaradılmasının, yaşıl enerjinin dünya bazarlarına nəqlinin ölkəmizin enerji siyasətinin prioriteti olmasını sübut edəcək”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinin böyük siyasi əhəmiyyəti var: “Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Bu isə özlüyündə bir daha bütün dünya ictimaiyyətinin Azərbaycana yekdil dəstəyinin ifadəsidir. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir və ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. COP29 bu vaxta qədər Azərbaycanda keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Çünki iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq və ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək”.

“COP29 Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissinin bir hissəsini təşkil edir“ – deyən Ramil Vəlibəyov əlavə edib ki, dünya kimi Azərbaycan da iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görür. Azərbaycan çaylarında su, dağlarda qar, Xəzər dənizində suyun səviyyəsi azalır. Bu səbəbdən də Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır: “Azərbaycan yaxın 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır. Azərbaycan neft-qaz satışından əldə etdiyi maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyir”.

Oxşar Xəbərlər

Back to top button