Analitika

Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir

Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya edilsə sezilər ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: “Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır”.  Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyuldu.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2-4 iyul 1997-ci il tarixdə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında ən əhəmiyyətli hadisə oldu  2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və priritetlər irəli sürməyə başladı. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilmədi, hər iki ölkənin milli maraqları (təhlükəsizlik, iqtisadi inkişaf) daha vacib elan olundu. Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi baza formalaşdırıldı. İki ölkə arasında bu günə kimi 150-dək hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi, elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə impuls verdi.Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il, 13 avqust 2013 tarixdə, Dmitri Medvedevin 3-4 iyul 2008-ci il tarixdə Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24-26 yanvar 2002-ci il tarixdə Rusiyaya dövlət səfəri , Prezident İlham Əliyevin 5-7 fevral 2004-cü il, 19-20 aprel 2009-cu il tarixdə Rusiyaya rəsmi səfərləri iki ölkə arasında münasibətlərin inkişafı üçün əlverişli zəmin yaratdı.

Son illər Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir. Sistem xarakterli beynəlxalq-hüquqi sənədlərə söykənən münasibətlər yüksək dinamikaya malikdir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəal

Oxşar Xəbərlər

Back to top button