Analitika

Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir

Yaddaşlarda yaşamaq əbədi ömür qazanmaqdır. Unudulmayanlar, hər zaman xatırlananlar daim bizimlədir. Bu insanlara ölməzlik qazandıran onların nəcib niyyəti, xeyırxah əməlləri, Vətən naminə gördükləri böyük işlərdir. Yalnız belə işıqlı simaların adları bəşər tarixinə qızıl hərflərlə yazılır. İmzası,dəst-xətti ilə seçilən belə uca şəxsiyyətlərdən biri – XX əsrin ikinci yarısında fəaliyyət göstərən dünya şöhrətli alim, bacarıqlı həkim,gözəl insan, nur çöhrəli Zərifə Əziz qızı Əliyevanın adı da əbədiyyət ünvanında həmişəlik qərar tutub. Qəlbi vətən sevgisi ilə döyünən, xeyirxah işləri ilə xalqının adını yüksəklərə qaldıran, xəstələrə şəfqət paylayan, insanları ağır epidemiyalardan, peşə xəstəliklərindən mühafizə edib qoruyan, həkim-oftalmoloq kimi doğma Azərbaycanın hüdudlarından kənarda da tanınan, sevilən Zərifə xanım həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib.

Zərifə xanım Əliyeva 1923- cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarıqlarını xalqa xidmətə həsr etmiş tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Zərifə xanım orta məktəb illərində tibb sahəsinə maraq göstərərək insanların gözünə nur vermək kimi müqəddəs bir yol seçmişdir. Oftalmologiya ixtisasına bağlılığı həm də onun daxilində mənəvi dünyasından, insanlara həssas münasibətindən iləri gəlir. Sonralar peşəsində qazandığı uğurlar da məhz bu keyfiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmır, insanları zülmətdən qurtarmaq, onların gözlərini nura boyamaq üçün əlindən gələni əsirgəmirdi. İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşir və ondan bütün cəmiyyətə pay düşür.

Zərifə Əliyevanı 1940-1950-ci illərdə düşündürən ən mühüm problemlərdən biri Azərbaycanda traxoma xəstəliyinin yayılmasının qarşısının alınması, müalicəsi üsullarının işlənib hazırlanması idi. Alim traxomanın müalicəsində istifadə edilən mövcud kütləvi müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən olan sintomisindən istifadə ilə yeni müalicə üsulu tətbiq edib uğurlu nəticələrə nail olur. Bu elmi kəşfdən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranır, xəstəliyin yayılmasının qarşısı alınır, bu da tədricən ölkə əhalisi üçün təhlükə törədən ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxarır.

Zərifə xanım ADHTİ -də çalışarkən peşə amili etialogiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin zavodunda, Neft-Kimya və Yod Sənayesi müəssisələrində, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində, Mingəçevir İzolit və Rezin-Texnika Məmulatı zavodlarında, Gəncə Gil-Torpaq Kombinatında və digər obyektlərdə işləyən, görmə orqanlarına mənfi təsir göstərən amilləri öyrənir, onların qarşısını almaq üçün tədbirlər görür.

Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifidir. Zərifə Əliyeva elmdə əldə etdiyi nəaliyyətlərə görə Azərbaycanın əməkdar elmi xadimi adına layiq görülüb. Qədirbilən xalqımız, eləcə də ölkəmizin tibb işçiləri əvəzolunmaz alimi daim anır və ehtiramla yad edirlər. Ömrünün hər günü mənəvi ucalığa bir pillə olmuş Zərifə xanım Əliyeva tarixin daş yaddaşına imzasını elm fədaisi, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi həkk edib.

Həmidə Ələfsərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button