Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi Zərifə Əliyevanın adı ilə əbədiləşir
“Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Zərifə Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi.
“Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev onun haqqında deyirdi ki, o, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.
Onun sözlərinə görə, Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir.