Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur
Məlumdur ki, Konqo bir sıra Afrika ölkələri kimi zəngin sərvətlərə malik olsa da, 100 ilə yaxın müddətdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkib. Bu gün Konqo Qvineya körfəzinin ən böyük 4 neft istehsalçısı olan ölkələrindən biridir. İqtisadiyyatı daha çox neftdən asılı olan, lakin Atlantik okeanı sahillərində yerləşən Konqo yeraltı təbii sərvətləri, bərpaolunan enerji potensialı və kənd təsərrüfatı imkanları ilə zəngindir. Konqo ilə münasibətlərin qurulması isə Azərbaycan Respublikasının xarici siyasət strategiyasından irəli gələn vəzifədir.
Afrika ölkələri ilə əməkdaşlığın inkişafı ölkəmizin əsas xarici siyasət prioritetlərindən biridir. Cari ilin aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından rəsmi Bakının Afrika ölkələri ilə yaxşı əlaqələrindən xəbər verir.
Bu gün Azərbaycan neokolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir. Dünyada kolonializmi hazırda da dövlət siyasəti kimi təqdim edən Fransanın hələ də mövcud olduğu ölkələrdən biri də Konqodur. Bu ölkələr, o cümlədən Konqo Respublikası neokolonializmlə mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Bu səbəbdən əminlikdə ifadə etmək olar ki, səfər çərçivəsində imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.
Həsənova Səbinə,
YAP-ın fəalı