Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq
Aprel ayının 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə tətbətək və geniş tərkibdə görüşləri keçirilib. Sonra hər iki dövlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər ilk növbədə “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Mərasimdə həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb. Prezident İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. Ölkəmizin başçısı bildirib ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər. Konqo Prezidenti Deni Sassu-Nqessonun qeyd edib ki, Azərbaycanla Konqo Respublikası arasında çox böyük potensial vardır və bu potensial inkişafa töhfə verə bilər. Konqonun çox böyük kənd təsərrüfatı potensialı mövcuddur və bu əkin sahələrinin cəmi 3 faizi istifadə edilir. Bu da o deməkdir ki, yerdə qalan sahələr istifadə üçün hazırdır. Konqoda bol su mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına imkan verir. Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən Konqoda istifadə etmək mümkündür və istehsal edilən məhsulun ixracı gəlirli sahəyə çevrilə bilər. Eyni zamanda Konqoda bərpaolunan enerji sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlanmaq olar. Görüşün sonunda hər iki dövlətin başçısı Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacağına əmin olduqlarını bildiriblər.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı