Analitika

Azərbaycan-NATO tərəfdaşlığı 30 ildir ki davam edir

Azərbaycan-NATO tərəfdaşlığının məzmunlu əsası 1994-cü ildən ümummilli lider Heydər Əliyev tərəfindən Sülh naminə Tərəfdaşlıq sənədinə imza atılmaqla qoyulmuşdur. Ötən 30 il ərzində bu əməkdaşlıq böyük inkişaf yolu keçərək möhkəmlənib və məzmunca dərinləşib.2015-ci ildə Azərbaycan-NATO əməkdaşlığı öz strateji əhəmiyyətini saxlamaqla uğurla davam etdirilib. NATO Azərbaycanı hər zamankı kimi etibarlı və sadiq tərəfdaş qismində tanıyıb və müxtəlif formatlarda bunu  dəfələrlə qeyd edib. Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoq, NATO-nun apardığı əməliyyatda iştirak, müdafiə sahəsində uyarlılığın inkişaf etdirilməsi üzrə fəaliyyət, yüngül və atıcı silahların məhv edilməsi, eləcə də minaların təmizlənməsi ilə bağlı etimad fondları üzrə əməkdaşlıq, meydana gələn təhlükəsizlik çağırışları, mülki fövqəladə planlaşdırma, ictimai diplomatiya və NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlığını əhatə edən proqramlar sahələrini əhatə edib.

Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm və təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir. 2008-ci ildən etibarən təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görüb. Beynəlxalq əməkdaşlıq sahəsində uyarlığın və əməkdaşlığın əldə olunmasında əhəmiyyətli rol oynayan xarici dillərin tədrisinin təkmilləşdirilməsində proqramın xüsusi əhəmiyyətini qeyd etmək olar. 2008-ci ildən fəaliyyətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında başlayan proqram 2018-ci ildən etibarən, Heydər Əliyev adına Hərbi İnstitut, 2021-ci ildən isə Hərbi Tibb Fakültəsinin pedaqoji heyətinin təkmilləşdirilməsi, kurikulumlarının müasir standartlara uyğunlaşdırılması və tətbiqinə beynəlxalq dəstəyini davam etdirir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. 2004-cü ildə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını NATO rəhbərliyinə təqdim edib. Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri FTƏP-də öz əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması əməkdaşlığın əsas sahələridir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button