Analitika

Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri var

Qonşu xalqlar arasında hər zaman sıx əlaqələr mövcud olub və bu gün də qalmaqdadır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Müstəqillik qazandıqdan sonra da Gürcüstan və Azərbaycan daim bir-birinin yanındadır. Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Prezident İlham Əliyev deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur” – deyə Azərbaycan Prezidenti bildirib. Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir.  Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması çox böyük nailiyyətlərdən biridir. Artıq bir-iki aydan sonra bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Prezident İlham Əliyev də mətbuata bəyanatında bu gün hər iki ölkənin birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin etdiyini, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrildiyini xüsusi olaraq vurğuladı. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri Azərbaycan və Gürcüstanı bir çox ölkələr üçün vazkeçilməz tərəfdaşlar, müttəfiqlər halına gətirir. Azərbaycan, Gürcüstan və Türkiyənin Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi çıxış etməsi isə xüsusi əhəmiyyətə malikdir. Bu üç ölkənin sıx əməkdaşlığı, etibarlı tərəfdaşlığı nəticəsində bizim enerji layihələrimiz bu gün dünyada bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.Azərbaycan, Türkiyə və Gürcüstan həmçinin yeni layihələr üzərində də işləyir. Həmin layihələrdən biri də yaşıl enerji layihəsidir. Bu, çox böyük və genişmiqyaslı layihədir və onun icrasına Avropa İttifaqının üzv ölkələri də qoşulub. Bu mənada Azərbaycan Prezidentinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələrin yaşıl enerji layihəsi üçün yaxşı örnək olacağına və yaşıl enerji layihəsinin də eyni müvəffəqiyyətlə icra ediləcəyinə əminliyini ifadə etməsi bizim öz gücümüzə və təcrübəmizə inamımızın göstəricisidir. Azərbaycan və Gürcüstan bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib və bu kurs bu gün də davam edir. Hər iki ölkə uzun illər ərzində separatçılıq və təcavüzkarlıq təhdidlərindən əziyyət çəkib. İşğala, separatçılığa məruz qalmış hər bir ölkə öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək hüququna malikdir. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir və beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, lakin sonda öz ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa etmiş bir ölkədir. Bu mənada biz çox yaxşı bilirik ki, “beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”. Azərbaycanın bu təcrübəsi işğaldan, separatçılıqdan əziyyət çəkən digər ölkələr üçün model rolunu oynaya bilər. qonşu ölkələrin bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləməsi təqdirəlayiq ənənədir. Azərbaycan və Gürcüstanın bu ənənəyə sadiqliyi Cənubi Qafqazın yeganə destruktiv, təxribatçı və avantürist ölkəsi sayılan Ermənistanın da nə vaxtsa düzgün istiqamət seçməsinə və konstruktiv mövqe tutmasına öz müsbət təsirini göstərə bilər. Ermənistanı idarə edənlər Azərbaycan və Gürcüstanın dostluq və əməkdaşlığından nümunə götürməlidirlər. Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi üçün birgə səyləri davam etdirirlər.

Aynur Həsənova,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button