Analitika

Novruz bayramı xalq mədəniyyətimizin ayrılmaz bir hissəsidir

Qədim dövrlərdə yaranmış Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir. Hələ XX əsrin 80-ci illərində Azərbaycanın rəsmi sovet sənədlərində göstərilirdi: “Biz hamımız bəzi adətlərin necə bayağılaşdırıldığının şahidi olmuşuq. Bu da guya adamları mənəvi cəhətdən saflaşdırmaq naminə edilirmiş. Əməksevərliyi, nəcibliyi, rəhmdilliyi tərənnüm edən “Novruz bayramı” dini bayram elan edilmişdi. Halbuki baharın gəlişinin rəmzi olan bu bayram eramızdan çox-çox qabaqlar qeyd edilirdi”.Xalq yazıçısı Mirzə İbrahimov Novruz bayramının qədimliyi və xalqımızın ruhunda Azərbaycançılıq hissinin yaranmasında mühüm rol oynadığını qeyd edərək yazırdı: “Xalqların lap qədimdən gələn çox gözəl və maraqlı bayramları vardır. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər. Bayram, təbii olaraq, hər xalqın tarixən formalaşmasını, həyat yolunun xüsusiyyətləri, yaşadığı və ölkənin coğrafi vəziyyəti ilə bağlı olur. İqlimin təkrarolunmaz və gözlənilməz hadisələri də bayramlara öz təsirini göstərmişdir. Bayramın necə keçirilməsi və mənalandırılmasında insanların mənəvi-psixoloji aləmi, əxlaqi, dünya və kosmik aləm barədəki təsəvvürləri də az rol oynamır. Bütün bunların təsirini ən qədim bayramlardan tutmuş bizim əsrimizdə yaranan bayramların da keçirilməsindəki modellərdə, geyim və əyləncə vasitələrinin müxtəlifliyində, zənginliyində, xüsusi milli forma rəngarəngliyində görmək və hiss etmək mümkündür”.Xalqımızın yüksək zövqü və bədii təfəkkürü xalq bayramlarında, el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Akademik sonda yazır: “Azərbaycanda sovet hakimiyyəti illərində Novruz bayramına münasibət vaxtaşırı dəyişmişdir. Gah bu bayram keçirilmiş, gah da ona dini don geydirilərək unudulmasına, aradan çıxmasına təzyiq göstərilmişdir. Lakin xalqımız bu əziz bayramı həmişə yad etmiş, onu geniş miqyasda olmasa da, keçirməyə can atmışır. Hazırda məişətimizlə, mənəvi aləmimizlə bağlı bir sıra həyati məsələlərə yenidən baxılmış və mahiyyəti bərpa olunmuşdur. Belə adət-ənənələrimizdən, el şənliklərimizdən biri də Novruz bayramıdır. Bu bayramın geniş miqyasda keçirilməsinin xalqımızın ürəyindən xəbər verməsinə və sevincinə səbəb olacağına əminik. Əminik ki, xalqımız yaşadıqca, onun Novruz bayamı da yaşayacaq, öz təravətini daima saxlayacaqdır”. Milli adət-ənənələrimizə, o cümlədən, Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev “Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik”də bu qədim bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən biri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Eyvazlı Rza,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button