Analitika

Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi kimi təməllər yaratmışdır

Hər bir xalqın mənəvi keyfiyyətləri onun qürur mənbəyi, fəxarət yeridir. Çünki müxtəlif keyfiyyətlərlə yanaşı, mənəvi dəyərlərlə zənginlik də hər bir etnosun özünütəsdiqi üçün çox mühüm amildir. Bu baxımdan Azərbaycan xalqının, həqiqətən, bəxtəvər olduğunu əminliklə söyləmək olar. Qədim adət-ənənələri ilə tarix boyu bəşər sivilizasiyasına mühüm töhfələr vermiş xalqımız hər zaman milli dəyərlərini, dünyaya nümunə olan yüksək əxlaqi keyfiyyətlərini qoruyub saxlamış və inkişaf etdirmişdir. Azərbaycan xalqının mənəvi irsi həqiqətən də böyük bir xəzinədir. Tarixlərin ənginliklərindən gələn bu sərvət heç vaxt itirilməmiş, ən ali milli keyfiyyətlərlə, yüksək koloritlərlə daha da zənginləşmişdir. Hətta müəyyən dövrlərdə də xarici, yad təsirlər Azərbaycan xalqının milli dəyərlərinə sadiqliyini əlindən ala bilməmişdir. Məqsədyönlü addımlar, repressiyalar, şüurlu şəkildə insanlarımızı öz inanclarından, adət-ənənələrindən uzaqlaşdırmaq, mental baxışlarında dəyişikliyə edilən cəhdlər səmərəsiz qalmışdır. Azərbaycan xalqı nəyin bahasına olursa-olsun, özünün milli dəyərlərini qorumuş və inkişaf etdirmişdir. Xalqımızın milli-mənəvi dəyərlər sistemində dərin kök salmış qədim adət-ənənələrimiz, el şənliklərimiz özünəməxsus cəhətləri ilə seçilirlər. Bunların sırasında öz gözəlliyi və özəlliyi ilə fərqlənən Novruz bayramı qədim əcdadlarımızın mifik dünyagörüşlərinə istinad edərək baharın gəlişinin, təbiətin oyanışının tərənnümçüsüdür. Varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı, sadəcə, şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Təbiətlə bağlı olan bu gözəl bayramda həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır. Novruz bayramı günlərində ölkəmizin hər yerində, hər evdə, ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar Novruz bayramını böyük sevinc hissi ilə qeyd edirlər. Xalqı, milləti, soyu məhv etmək üçün ən yaxşı üsul birinci növbədə onun mənəviyyatını, milli mənliyini, mədəniyyətini əlindən almaqdır. Əsarəti altına aldığı hər bir xalqın mənəvi dəyərlərinə qənim kəsilən, kommunist ideologiyasını təbliğ edən sovet hakimiyyəti də bu yolu seçmişdi. Azərbaycan xalqının da zəngin milli-mənəvi, dini dəyərləri, mədəniyyəti sovet hakimiyyətini razı sala bilməzdi. Sovet ideologiyasının milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə də özünü açıq və çox kəskin şəkildə büruzə verirdi. Azərbaycanın mənəvi irsinin, həqiqətən, zəngin olduğunu və bunun xalqımızın milli şüurunda dərin iz saldığını bilən sovet ideoloqları musiqimizdən tutmuş, yazılı və şifahi ədəbiyyatımıza qədər hər şeyi təqib edirdilər. Bir çox dəyərlərimizlə yanaşı, Novruz bayramı da repressiv tədbirlərə məruz qalmışdı. Lakin sovet ideologiyası Azərbaycan xalqının digər milli-mənəvi dəyərləri kimi, Novruzu da xalqın şüurundan silə bilmədi. Antitəbliğat və qadağalar Novruz adət-ənənələrini unutdurmağı bacarmadı. Xalqımız sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə bu el şənliyini qorudu və gələcək nəsillərə ötürdü. Milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin də üzərinə vəzifələr düşür.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button