Azərbaycan başdan-başa çiçəklənən bağa çevriləcək
Azərbaycanda XXI əsrin tələblərinə uyğun təhsilin təşkili də prioritetlər sırasındadır. Çünki dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. İnsan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə məhz təhsil vasitəsilə artırılmalıdır. Prioritetlərdə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməsi, bu regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi də əsas yer tutur. Burada müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Düşmən üzərində qazandığımız qələbənin əbədiləşdirilməsi üçün vaxtilə öz doğma torpaqlarından köçkün düşmüş insanların yurd-yuvalarına qayıdışı böyük önəm kəsb edir. Bu böyük qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması ilə yanaşı, həmin ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında da bir körpü olacaq.Azərbaycan həmçinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi nümunəyə çevriləcək. Bunun üçün ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Strateji dövrdə bu prioritet daxilində iki məqsədin səmərəli şəkildə reallaşdırılmasına nail olunmalıdır ki, bunlardan biri yüksəkkeyfiyyətli ekoloji mühit, digəri isə “yaşıl enerji” məkanıdır. Yəni ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Sözügedən dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artacağı gözlənilir. Azərbaycanda da enerjidən səmərəli istifadə edilməsinə və yeni dayanıqlı enerji mənbələrinə üstünlük veriləcək. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi vacib sayılır.Qarşıdakı illərdə uzun müddət ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olacaq. İqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılacaq. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılacaq. Başqa sözlə, Azərbaycan başdan-başa çiçəklənən bağa çevriləcək. Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlancaq sənəd eyni zamanda milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq. Eyni zamanda həmin fəaliyyətlərin səmərəliyinin ölçülməsi üçün konkret bençmarkların hazırlanması da məqsədəuyğundur. Vacib məqamlardan biri də qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir. Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu məqsədlə konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir. Bu baxımdan da Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması və fiskal qaydaların tətbiqi vacibdir. Fiskal gəlirlərinin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olunmaq iqtisadiyyatın dayanıqlığı baxımdan mütləqdir. Bu həm də qiymətlərin aşağı və stabil olmasının təmin edilməsinə imkan yarada bilər.Bütövlükdə, yeni yaradılan komissiya növbəti 5 ildə Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin hazırlanmasını həyata keçirməlidir. Bu illərin həmçinin Böyük Qayıdış dövrü olacağını nəzərə alsaq, söhbət kifayət qədər strateji müddətdən gedir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı