Azərbaycan-Gürcüstan münasibətləri yeni əməkdaşlıq sahələrinin yaranması ilə daha da genişlənir
“Azərbaycan ilə Gürcüstanı təkcə tarixi əlaqələr birləşdirmir, hər iki dost ölkə bir-birilə Şərq-Qərb enerji dialoqunda mühüm elementlərə çevrilmiş strateji boru kəmərləri ilə də sıx bağlıdırlar. Ölkələrimizin iştirakı ilə strateji meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatını sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.
“Prezident İlham Əliyev cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bir sıra mühüm məqamlar diqqət çəkib. İki ölkə arasında ticarət dövriyyəsi artır. Perspektivli istiqamət Azərbaycan və Gürcüstanın böyük potensiala malik olmasına əsaslanan bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər. Digər uğurlu layihələr kimi, yaşıl enerji layihəsi də eyni müvəffəqiyyətlə icra ediləcək. Yaşıl enerjiyə böyük tələbatın olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bir daha qeyd etdi ki, həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və tərəflər hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırlar. İlin sonuna qədər bu prosesin başa çatacağı və ondan sonra praktiki addımların atılacağı planlaşdırılır”.
Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.