Analitika

VI çağırış Milli Məclisi

Dövlətimizin başçısı VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbinin  islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olduğunu bildirib: “Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir.” Seçki prosesinin uğurlu keçməsini təsdiq edən mühüm amillərdən biri Avropa İttifaqının seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verməsidir. Aİ bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində seçkilərin tanınması deməkdir. Prezident İlham Əliyev çıxşında vurğulayıb ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis olduğundan siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.”Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Dövlət başçısı çıxışında onu da vurğulayıb ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.  Dövlətimizin başçısı ölkədə gedən islahatların dərinləşməsi ilə əlaqədar parlamentdə də belə proseslərin başlamasını qanunauyğun sayıb və hesab edib ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.  Prezident İlham Əliyev siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin gərəkli olduğunu qeyd edib və bildirib   ki, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Prezident İlham Əliyev çıxışında gənclər siyasətinə də toxunub: “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi,- misal üçün, könüllülər hərəkatı çərçivəsində,- vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir.” Prezident İlham Əliyev perspektiv əməkdaşlıq istiqamətindən söz açarkən  Türkdilli dövlətlərin əməkdaşlığı xüsusi qeyd edib və bu istiqamətdə Azərbaycanın  çox önəmli rol oynadığını bildirib: “Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz.” Avropa İttifaqı ilə əməkdaşlığın artım dinamikası ilə inkişaf etməsi də Azərbaycanın mövqelərini beynəlxalq platformalarda gücləndirir.  Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir. Prezident İlham Əliyev: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button