Ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.
Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb.
Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib, eləcə də pensiya islahatları nəticəsində təqaüdlər xeyli artıb. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi də artıb. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Bu gün tam əminliklə demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir və dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı